Şəhidə atasından şikayət edərək video çəkdi

Şəhidə atasından şikayət edərək video çəkdi
11:17

Azərbaycanda şəhid atası başqasının adına kredit götürsə də, ödənişlərini etmir. 

News365.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Söhbət Vətən müharibəsi şəhidi Cəmil Adıgözəlovun atası Əli Adıgözəlovdan gedir. 

İddiaya görə, o, Valeh Abdullayevin adına 3 müxtəlif bankdan ümumilikdə 32 min manat məbləğində kredit pul götürüb. Şikayətçinin sözlərinə görə, şəhid atası 2022-ci ildə götürdüyü kreditə cəmi 1 il ərzində ödəniş edib. 

Məlumata görə, xeyli müddətdir kredit pulu ödənmədiyindən banklar sözügedən məbləği V.Abdullayevin maaşından tutmağa başlayıb. Şikayətçi aidiyyəti qurumlara müraciət etsə də, nəticəsiz qaldığını bildirib.   

O, son olaraq şəhid C.Adıgözəlovun məzarı başına gedərək atasından oğluna şikayət edib: 

"Gəlmişəm səndən oğluna şikayət edəm. Mənim balalarım, ailəm acdır. Mənə böyük problem yaratmısan" - o deyib.   Şikayətçi həmçinin Ə.Adıgözəlovla olan söhbətini gizli şəkildə kameraya da çəkib.   

"Mən sənin qabağında günahkaram. Bunu boynuma alıram. Sənin kreditin yubanmamalı idi, amma mən çıxılmaz vəziyyətdə qaldım, heç nə edə bilmədim", - deyə şəhid atası söyləyib. 

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan Cəmil Adıgözəlov Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə atıcı olaraq vuruşub.  O, 2 oktyabr 2020-ci ildə Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olub. Vətən müharibəsində göstərdiyi şücaətə görə, ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.



Sizin reklam burada
Sizin reklam burada