Regional İntellekt Liqasının final mərhələsi uğurla başa çatıb

Regional İntellekt Liqasının final mərhələsi uğurla başa çatıb
21:01

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, İsmayıllı İntellektual Oyunlar Klubu və Consensus İntellektual Center-in birgə təşkilatçılığı ilə həyata keçirilən Regional İntellekt Liqası layihəsinin final mərhələsi başa çatıb.


News365.az xəbər verir ki, layihənin əsas məqsədi regionlarda intellektual hərəkatın inkişafına töhfə vermək, gənclərin asudə vaxtının səmərəli təşkilini təşviq etmək, onların bilik və bacarıqlarının artırılmasına dəstək olmaq, eyni zamanda müxtəlif bölgələrdən olan gəncləri vahid intellektual platformada bir araya gətirmək olub.


Üç ay davam edən liqa çərçivəsində ölkənin 10 regional mərkəzində keçirilən seçim mərhələlərində 60-dan çox komanda iştirak edib, yüzlərlə gənc final mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparıb. Seçim turlarının nəticələrinə əsasən, ən yüksək nəticə göstərən 10 komanda final mərhələsində iştirak etmək hüququ əldə edib.


Goranboy şəhərində keçirilən final oyunu intellektual yarışların ən populyar formatlarından biri olan “Nə? Harada? Nə zaman?” oyunu əsasında təşkil edilib. Yüksək rəqabət şəraitində keçən yarış iştirakçıların məntiqi düşünmə, komanda işi, analitik yanaşma və operativ qərarvermə bacarıqlarını nümayiş etdirməsinə imkan yaradıb. Gərgin və maraqlı mübarizənin yekununda Mingəçevirin Lego komandası I yer, Naxçıvanın Turangheta komandası II yer və Oğuzun Rəvan Oğuz komandası isə III yerə layiq görülüb. Qalib və mükafatçılar təşkilatçılar tərəfindən kubok, medal, diplom və müxtəlif qiymətli hədiyyələrlə təltif edilib.


Regional İntellekt Liqası region gənclərinin intellektual potensialının üzə çıxarılması, gənclər arasında sağlam rəqabət mühitinin formalaşdırılması və ölkədə intellektual oyunlar hərəkatının daha da genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Layihə çərçivəsində yaradılan əməkdaşlıq və iştirakçı şəbəkəsinin gələcəkdə də regionlarda intellektual fəaliyyətlərin inkişafına töhfə verməsi nəzərdə tutulur.



Sizin reklam burada
Sizin reklam burada