“Qaz təchizatı haqqında” qanuna edilən dəyişiklik nəticəsində istehlakçıların istifadə edib-etməməsindən asılı olmayaraq müəyyən edilmiş aylıq sabit tarifi ödəməsinə qarşı olduğumu birinci oxunuşda da söyləmişdim.
News365.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası üzrə iclasında deputat Razi Nurullayev deyib.
Onun sözlərinə görə, burada kasıb-varlı dəxli olmamalıdır. Heç kimə qaz pulsuz çəkilmir. Hər bir vətəndaş xərcini ödəyib qaz çəkdirir.
"Aydın oldu ki, bu dəyişikliyi rədd edə bilməyəcəyik. Amma, bütün izahlarda, şərhlərdə qeyd olunur ki, bunun kasıb əhaliyə təsiri olmayacaq. Əgər bu doğurdan da belədirsə, təklif edirəm ki, qanunda aydın və gizlinsiz göstərilsin ki, bir yaşayış yeri olan ailələrə bu qanun şamil edilməsin.
Bilirsiniz nəyə görə? Ailələr tanıyıram ki, qazı işlətmir ki, aylığı ödəyə bilməyəcək. Qazı çox soyuq olan zaman yandırır, yaxud körpə uşaq olan otaqda yandırır. Ailələr tanıyıram ki, onlar kombini bir neçə saat yandırır və gecələr söndürür ki, yorğanın altında qızınsınlar".
Deputat bildirib ki, bütün bunları nəzərə alaraq, ya mövcud maddələrdən birinə, ya da əlavə bir maddə əlavə edilsin ki, istehlakçılar aydın şəkildə qanunu başa düşsünlər.
"Mən oxudum, amma tam aydın ifadə edilən maddə tapmadım. Ola bilsin ki, mənim texniki biliklərim yetərincə deyil. Amma, istehlakçıların 90 faizinin da texniki bilikləri elə mənim biliklərim qədərdir. Mən əsaslı izahat verilməsini istəyirəm".