Ukraynada gərgin döyüşlər davam edir. Sosial şəbəkələrdə Ukraynaya məxsus MiQ-29 qırıcısının Rusiyanın hava-hava raketi ilə məhv edilməsinə dair video yayılıb.
Təqdim olunan kadrlar Ukrayna təyyarəsinin məhv edilməsindən bir neçə saniyə əvvəli əks etdirir.
Yerdən çəkilən görüntülərdə raketin qırıcını təqib etməsi zorla sezilir. Təqib zamanı MiQ-29 istiqamətini dəyişərək raketdən yayınmağa cəhd edib. Lakin sonrakı proseslər çəkilişdən-kadrlardan kənarda qalıb.
Xatırladaq ki, dünən Rusiya Müdafiə Nazirliyi Ukrayna təyyarəsinin rus qırıcısı tərəfindən məhv edilməsi barədə məlumat yaymışdı. Əməliyyatın baş tutduğu yerin adı açıqlanmır.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.