Son illər Azərbaycanın quru sərhədlərinin bağlı qalması cəmiyyət daxilində və mediada müxtəlif müzakirələrə səbəb olur. Pandemiya dövründə tətbiq edilən bu məhdudiyyətlərin artıq sırf səhiyyə tədbiri olmadığı, daha geniş və dərin strateji məna daşıdığı getdikcə daha aydın görünür.
Regionda baş verən müharibələr, qonşu ölkələrdə artan siyasi qeyri-sabitlik, təhlükəsizlik riskləri və geosiyasi qarşıdurmalar fonunda rəsmi Bakının bu məsələdə ehtiyatlı mövqe tutması təsadüfi deyil. Xüsusilə İran və Rusiya kimi iki əsas qonşunun eyni vaxtda ciddi böhran və münaqişələr içərisində olması, Azərbaycana yönələ biləcək potensial təhdidləri artırır. Belə bir şəraitdə quru sərhədlərinin bağlı saxlanması artıq müvəqqəti qərar yox, milli təhlükəsizlik strategiyasının mühüm elementi kimi dəyərləndirilir.
Afsəddin Nəbiyev
Məsələ ilə bağlı AMİP sədrinin müavini, politoloq Afsəddin Nəbiyev qeyd edib ki, bu məsələyə Azərbaycanın milli təhlükəsizlik prioritetləri və regiondakı geosiyasi vəziyyət kontekstində aydınlıq gətirməyimiz daha doğru olardı:
“Azərbaycanın quru sərhədlərinin bağlı qalması məsələsi artıq təkcə pandemiya tədbiri deyil, birbaşa milli təhlükəsizlik strategiyasının tərkib hissəsi kimi qiymətləndirilməlidir. Xüsusilə Vətən müharibəsində qazanılan tarixi Qələbədən sonra, ölkəmizin əldə etdiyi yeni uğurlarımız bərpa olunan ərazi bütövlüyü, təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyəyə çatdırılmasını zəruri edir.Prezident İlham Əliyevin bu barədə məlumatı olması versiyası inandırıcı deyil.Regionda və dünyada baş verən proseslər kontekstində sadəcə bu addımı qiymətləndirmək mümkündür. Qonşu ölkə İranda illərdir çox gərgin hadisələr baş verməkdədir. Burada bir neçə faktoru nəzərdən keçirsək İran faktoru və qaçqın axını riski indiki vəziyyətdə təhlükə salıyan faktorlar sırasındadır. İranda baş verən daxili proseslər, etirazlar və qeyri-sabitlik hər zaman qonşu dövlətlər üçün “humanitar böhran” riski daşıyır. Sərhədlərin qapalı saxlanılması, qonşu ölkədə baş verə biləcək kütləvi iğtişaşlar zamanı nəzarətsiz qaçqın axınının qarşısını almaq üçün ən effektiv mexanizmdir.
Politoloq qeyd edib ki, quru sərhədlərindən fərqli olaraq, hava limanlarında nəzarət və yoxlama daha detallı həyata keçirilir:
“Bu, ölkəyə daxil olan hər bir şəxsin daha ciddi yoxlanılmasına imkan verir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, əsas məqsəd Azərbaycanın daxili sabitliyini qorumaqdır. Qonşu ölkələrdən gələ biləcək dini ekstremizm, kəşfiyyat şəbəkələrinin sızması və ya diversant qrupların keçidini minimuma endirmək üçün quru sərhədləri üzərindəki tam nəzarət həlledicidir. Sərhədlərin bağlı olması həm də qeyri-qanuni yollarla ölkəyə keçirilməyə çalışan narkotik vasitələrin qarşısının alınmasında mühüm rol oynayır.Azərbaycan üçün 44 günlük müharibədən sonra ən böyük hədəf işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın təmin edilməsidir. Böyük layihələrin icra olunduğu, milyardlarla investisiyanın yatırıldığı bir vaxtda ölkə daxilində baş verə biləcək hər hansı təxribat bu prosesi ləngidə bilər.Qələbəmiz bir çox kənar gücləri narahat etdiyi üçün, ölkənin “qala” kimi qorunması strategiyası hazırda iqtisadi mənfəətlərdən (məsələn, turizm gəlirlərindən) daha üstün tutulmalıdır. İranda baş verən hadisələr və digər regional gərginliklər rəsmi Bakının ehtiyatlı davranması üçün kifayət qədər ciddi əsaslardır. Sərhədlərin bağlı saxlanılması, Azərbaycanın qazandığı tarixi Qələbəni qorumaq, daxili sabitliyi sarsılmaz etmək və kənar müdaxilələrdən sığortalanmaq üçün atılan strateji bir addımdır”.
Siyasi şərhçi Asif Şəkərli isə qeyd edib ki, Azərbaycanın iki əsas qonşusu İran və Rusiya bu gün real müharibələrin içərisindədir:
“Rusiya-Ukrayna müharibəsi davam etdiyi bir zamanda, İran–İsrail gərginliyi də artıq açıq toqquşma mərhələsinə keçib. Hər iki cəbhədə vəziyyət gündən-günə daha da gərginləşir. Xüsusilə İran daxilində ciddi narahatlıq müşahidə olunur. Digər tərəfdən, İran daxilindəki xaotik vəziyyətdən istifadə edən müəyyən dairələr, xüsusilə xüsusi xidmət orqanları, öz agentlərini mühacir görüntüsü altında Azərbaycana yerləşdirməyə cəhd göstərə bilər.Bütün bu risklərə baxmayaraq, quru sərhədlərinin uzun müddətdir bağlı qalması bəzi daxili dairələr və xarici media tərəfindən “təcridçilik”, “avtoritarizm” və ya “soydaşlara arxa çevirmək” kimi təqdim edilir. Bu yanaşmalar mövcud geosiyasi təhlükəsizlik reallıqlarını nəzərə almayan səthi və emosional yanaşmalardır. Burada əsas məsələ sərhədlərin açıq və ya bağlı olması deyil, onların nə zaman, necə, hansı təhlükəsizlik təminatları ilə açılacağıdır./// NOCOMMENT