Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamı müasir Azərbaycanın dövlətçilik tarixində xüsusi əhəmiyyətə malikdir
15 İyun Azərbaycan tarixində xüsusi əhəmiyyət
kəsb edən bir gündür. Bu gün Milli Qurtuluş Günü kimi qeyd olunur və xalqın
iradəsi ilə Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında yenidən siyasi
hakimiyyətə qayıdışı ilə bağlıdır. Bu dönüş Azərbaycan dövlətçiliyinin
qorunması və müstəqilliyin möhkəmləndirilməsi baxımından həlledici rol
oynamışdır.
1991-ci ildə müstəqilliyini bərpa edən
Azərbaycan, təəssüf ki, ilk illərdə ciddi siyasi və iqtisadi böhranlarla,
vətəndaş qarşıdurması və xarici təhlükələrlə üz-üzə qalmışdı. 1992–1993-cü
illərdə hakimiyyətə gələn AXC-Müsavat cütlüyü ölkədəki vəziyyəti sabitləşdirə
bilməmişdi. Qarabağda ağır məğlubiyyətlər, Gəncə hadisələri və digər siyasi
ixtilaflar ölkəni parçalanma həddinə gətirib çıxarmışdı. AXC-Müsavat
iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə
fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq
törətdikləri qanunsuz əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və
parçalanma meyllərinin baş qaldırması, bütün bunların ölkənin daxilində qardaş
qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi
məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir kritik məqamda xalqın və
ziyalıların təkidli çağırışları ilə Heydər Əliyev 1993-cü ilin iyununda Bakıya
dəvət edildi. O zaman Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev, 15 iyun
1993-cü ildə Azərbaycan Ali Sovetinin sədri seçildi. Bu tarixi dönüş ölkənin
siyasi həyatında dönüş nöqtəsi oldu. O günləri Ulu Öndər Heydər Əliyev belə
xatırlayırdı: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın
müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də
Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə
malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane
etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində
Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə
hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir
ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
Heydər Əliyevin Azərbaycan siyasətinə qayıdışı
və onun ölkəni sabitliyə aparan ilk addımları müasir Azərbaycanın
formalaşmasında həlledici rol oynamışdır. Bu mərhələ xüsusilə 1993-cü ildən
başlayır və dövlətçiliyin bərpası, vətəndaş müharibəsi təhlükəsinin qarşısının
alınması və iqtisadi-siyasi sabitliyin yaradılması ilə xarakterizə olunur.
1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim
dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Taleyimizin həll
olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən
hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz
fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və
anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin
tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu
dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Xilaskarlıq missiyasını öz
üzərinə götürən Ulu Öndər Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda
həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış
qiyamın qarşısını aldı.
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə
daxili sabitlik təmin olundu, vətəndaş qarşıdurması dayandırıldı. Konstitusiya
quruluşu bərpa edildi. Ordu quruculuğu və dövlətçiliyin əsasları qoyuldu.
Azərbaycanın beynəlxalq əlaqələri genişləndi, neft strategiyası formalaşdı. Və
ən əsası, xalqın gələcəyə inamı bərpa olundu.
Azərbaycan Respublikası Milli Məclisinin
qərarı ilə 15 İyun – Milli Qurtuluş Günü kimi rəsmi bayram statusu almış və hər
il qeyd olunur. 15 İyun təkcə bir tarix deyil, Azərbaycan xalqının yenidən
ayağa qalxmasının, dövlətçiliyimizin xilasının və gələcəyə aparan yolun
başlanğıcıdır. Bu gün, Ulu Öndər Heydər Əliyevin müdrikliyi və qətiyyəti
sayəsində Azərbaycanın parçalanmaqdan xilas olduğu, sabitlik və inkişaf yoluna
qədəm qoyduğu gündür.
Müasir Azərbaycan artıq yalnız qurtuluşun
deyil, quruculuğun, inkişafın, yenilənmənin simvoluna çevrilmişdir. Heydər
Əliyevin əsasını qoyduğu neft strategiyası bu gün qeyri-neft sektorunun
inkişafı ilə tamamlanır, regional layihələrdə liderlik mövqeyimiz güclənir,
ordu və təhsil sahələrində beynəlxalq standartlara uyğun nəticələr əldə olunur.
Bu gün “Qurtuluş” sözünün arxasında təkcə bir
xilas yox, bir ideya, bir dövlətçilik fəlsəfəsi, bir liderlik məktəbi dayanır.
Qurtuluşun müasir sədaları bu gün hər bir Azərbaycan vətəndaşının uğurunda,
sabahına olan inamında, dövlətinə olan sevgisində əks olunur. 15 İyun – bu gün
təkcə xilasın yox, həm də qalibiyyətin, sabitliyin və inkişafın təntənəsidir.
Bu sədalar Azərbaycan tarixinin ən şərəfli notlarıdır və xalqımız bu gün də o
melodiyanı böyük fəxrlə yaşadır: Qurtuluşdan Zəfərə, Qurtuluşa Doğru! 1993-cü
ilin gərgin iyun günlərində Azərbaycan uçurumun kənarında dayanmışdı. Daxili
qarşıdurmalar, iqtisadi tənəzzül və siyasi böhran ölkənin gələcəyini sual
altına qoymuşdu. Amma o vaxt xalqın səsinə səs verən, tarixin çağırışına cavab
verən bir lider vardı – Ulu Öndər Heydər Əliyev.
Ulu
Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamı müasir Azərbaycanın
dövlətçilik tarixində xüsusi əhəmiyyətə malikdir. Onun əsasını qoyduğu siyasi
xəttin sonrakı illərdə ardıcıl şəkildə davam etdirilməsi ölkənin sabitliyinin,
iqtisadi inkişafının və beynəlxalq nüfuzunun möhkəmlənməsini təmin etmişdir.
Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və
zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən,
modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib.
Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq
güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Heydər
Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın
yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya
siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Prezident İlham
Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı
öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi
tanınmasını şərtləndirib. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu
davamı nəticəsində Azərbaycan bu gün müstəqil və güclü dövlətdir. Ərazi
bütövlüyünü təmin etmişdir. Güclü orduya və iqtisadiyyata malikdir. Regionun
lider dövlətlərindən biridir. Bu davamlılıq milli birliyin və siyasi uzaqgörənliyin
real nəticəsidir.
Nəbi
Ağayev
K.Y.Fərəcova
adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun
PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri