İranda əsas təhlükə xarici bəyanatlar yox, daxili proseslərdir

İranda əsas təhlükə xarici bəyanatlar yox, daxili proseslərdir
07 Yan 2026 15:44

“İranda baş verən proseslər daxili amillərlə bağlıdır”

News365.az xəbər verir ki, politoloq Çingiz Məmmədov hesab edir ki, İranda baş verə biləcək prosesləri düzgün qiymətləndirmək üçün əsas diqqət xarici bəyanatlara yox, ölkə daxilində gedən real vəziyyətə yönəlməlidir.


Onun sözlərinə görə, ABŞ, İsrail və ya region ölkələrinin verdiyi açıqlamalar mühüm olsa da, həlledici amil İranda gedən daxili proseslərdir:

“İranda hazırda iki paralel proses gedir – obyektiv və subyektiv proseslər. Obyektiv proseslər uzunmüddətlidir və onları qısa zaman ərzində siyasi iradə ilə dəyişmək mümkün deyil. Subyektiv proseslər isə hakimiyyətin, rəhbərliyin qərarlarından asılıdır və daha tez dəyişə bilər”.

Politoloq qeyd edib ki, İranda hazırda iki əsas obyektiv böhran müşahidə olunur. Birincisi, sosial-iqtisadi vəziyyətlə bağlıdır:

“İran riyalı son illərdə iki dəfə ciddi devalvasiyaya uğrayıb, inflyasiya 42 faizi keçib. Bu, xüsusilə orta və kiçik sahibkarlara ağır zərbə vurur. Böyük biznes kapitalını xarici valyutada banklarda saxlaya bilir, amma kiçik ticarətçilər qazandıqları pulu dərhal dövriyyəyə buraxmalı olurlar. İnflyasiya və devalvasiya səbəbindən malların qiyməti sürətlə qalxır, nəticədə bir çoxu fəaliyyətini dayandırmaq məcburiyyətində qalır. Bu isə bazarda mal qıtlığı yaradır”.

Çingiz Məmmədovun sözlərinə görə, ikinci obyektiv böhran siyasi və sosial-demoqrafik xarakter daşıyır:

“1979-cu il İslam İnqilabı zamanı İranın əhalisi 37 milyon idi. Bu gün isə əhali 91 milyona çatıb. Əhalinin böyük hissəsi gənclərdir, təhsil səviyyəsi pis deyil, amma əsas problem iş yerlərinin olmamasıdır. 30 yaşdan aşağı gənclər əhalinin mühüm hissəsini təşkil edir və bu kütlə işsiz qalır”.

Politoloq vurğulayıb ki, İran eyni zamanda çoxetnikli dövlətdir:

“İranda əsasən iki böyük etnik qrup – farslar və azərbaycanlılar (türklər) ölkənin siyasi və ictimai həyatında mühüm rol oynayır. Bu amil də proseslərin gedişinə təsir göstərən əsas faktorlardandır”.

Çingiz Məmmədov hesab edir ki, bütün bu obyektiv faktorlar nəzərə alınmadan İranda baş verə biləcək hadisələr barədə real proqnoz vermək mümkün deyil.


Sizin reklam burada
Sizin reklam burada