İran niyə silkələnir? – Politoloq böhranın əsas səbəblərini açıqladı

İran niyə silkələnir? – Politoloq böhranın əsas səbəblərini açıqladı
07 Yan 2026 16:34

Politoloq Əli Orucov bildirib ki, İranda baş verən mövcud böhran gözlənilən idi. Onun sözlərinə görə, son dövrlər İran həm regional, həm də daxili baxımdan ciddi şəkildə sıxışdırılırdı.

News365.az-a açıqlamasında Ə.Orucov qeyd edib ki, İranın yaxın Şərqdəki mövqeləri zəifləyib, proksi qüvvələri ciddi zərbələr alıb, bir hissəsi zərərsizləşdirilib və ölkənin təsir dairəsi xeyli daralıb:


“Buna baxmayaraq, İran əldə etdiyi gəlirləri əhalinin rifahının yaxşılaşdırılmasına və iqtisadiyyatın dirçəldilməsinə yox, əsasən silahlanmaya yönəltdi. Bu da nəticə etibarilə böhranı qaçılmaz etdi”.

Politoloq vurğulayıb ki, xüsusilə ötən il baş verən 12 günlük hərbi qarşıdurma zamanı İrana qarşı həyata keçirilən hücumlar, infrastrukturun dağıdılması və ardınca sanksiyaların sərtləşdirilməsi mövcud vəziyyəti daha da sürətləndirib.

Əli Orucovun fikrincə, artıq İran əvvəlki dövrdə olduğu kimi güclü mövqedə deyil və rejim tədricən zəifləyir:

“Hakimiyyət böhrandan çıxış yollarını əvvəlki illərdə olduğu kimi sistemli islahatlar və rifah proqramları ilə deyil, daha çox ehtiyatlı və reaktiv addımlarla axtarır”.

O qeyd edib ki, etirazların əsas səbəbləri iqtisadi geriləmə, sosial vəziyyətin pisləşməsi və milli valyutanın kəskin dəyərdən düşməsi olsa da, proses artıq siyasi müstəviyə keçib:

“Etirazlar getdikcə rejimə qarşı daha sərt çıxışlarla müşayiət olunur və coğrafiyası genişlənir”.

Politoloq əlavə edib ki, problemin kökü təkcə iqtisadi çətinliklərdə deyil. Regionda, xüsusilə Əfqanıstanda hələ də həll olunmamış ciddi problemlər mövcuddur. Eyni zamanda, İran daxilində yenilənməni dəstəkləyən qüvvələrlə mühafizəkar qanad arasında gedən qarşıdurmanın əlamətləri də açıq şəkildə görünməkdədir.

Əli Orucovun qənaətincə, bütün bu faktorlar İranda mövcud böhranın dərinləşəcəyini göstərir.


Sizin reklam burada
Sizin reklam burada