Qəzza əməliyyatı: Azərbaycan əsgər göndərəcəkmi? - Ekspertdən yeni açıqlama

Qəzza əməliyyatı: Azərbaycan əsgər göndərəcəkmi? - Ekspertdən yeni açıqlama
16:07

BMT Təhlükəsizlik Şurası Qəzzada Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin (ISF) yerləşdirilməsi ilə bağlı ABŞ-ın hazırladığı qətnaməni qəbul edib. Sənəd 13 lehinə səslə qəbul olunub, iki ölkə bitərəf qalıb. Qətnamə regionda sabitlik və humanitar təhlükəsizlik üçün mühüm addım kimi dəyərləndirilir.

News365.az-a danışan politoloq Turan Rzayev bildirib ki, sənədin geniş dəstəklə təsdiqlənməsi Qəzza böhranının öz axarına buraxılmasının artıq mümkün olmadığını göstərir və beynəlxalq nəzarətdə yeni keçid mərhələsinə yol açır.


Onun sözlərinə görə, qətnamənin real nəticə verməsi bölgədəki aktorların mövqeyindən asılı olacaq:

“İsrail təhlükəsizlik zəmanətləri olmadan tam geri çəkilməyə razılaşmaz. Həmçinin ISF-in tərkibində hansı ölkələrin olacağı missiyanın gələcəyi üçün həlledici faktordur”.

ISF-də iştirak edəcək ölkələr – Azərbaycanın adı niyə çəkilir?

Politoloqun sözlərinə görə, missiyaya əsasən müsəlman ölkələrinin daxil olması gözlənilir. Bu kontekstdə İndoneziya, Pakistan və Azərbaycanın adı daha çox hallanır. Qərb ölkələrinin isə əsasən texniki və koordinasiya dəstəyi verəcəyi ehtimal olunur.

Bununla yanaşı, bəzi regional güclərin – Türkiyə, BƏƏ və Qətərin – prosesə qoşulmasında siyasi tərəddüdlər mövcuddur.

Azərbaycan niyə hələ ki, qoşulmur?

Rzayev bildirib ki, Azərbaycanın adı tez-tez çəkilsə də, rəsmi Bakı məsələyə ehtiyatla yanaşır:

“Azərbaycan riskli mərhələdə – yəni HƏMAS-ın tərksilahı və ağır hərbi əməliyyatlar dövründə əsgər göndərməyə tələsmir. Bu, həm təhlükəsizlik prioritetlərimizə, həm regional siyasətimizə uyğundur”.

Onun fikrincə, Bakı daha çox sabitlik və bərpa mərhələsində iştirak etməyə açıqdır.

Bakı iki prinsipə əsaslanır

Rzayevin sözlərinə görə, Azərbaycanın mövqeyi iki əsas məntiqə dayanır:

Yüksək riskli zonalara tələsməmək

Azərbaycan sülhməramlı missiya təcrübəsinə malik olsa da, indiyədək qoşulduğu missiyaların hamısı stabil mandat çərçivəsində həyata keçirilib. Qəzza isə hələ də silahlı qrupların aktiv olduğu zonadır.

Balanslı xarici siyasət

İsrail ilə strateji tərəfdaşlıq mövcuddur, eyni zamanda Azərbaycan müsəlman ölkələri ilə münasibətlərini balanslı şəkildə saxlayır. HƏMAS-a qarşı yönəlmiş hərbi missiyada birbaşa iştirak Bakı üçün siyasi risk yarada bilər.

İsrail Azərbaycanın iştirakında maraqlıdır

Politoloq qeyd edib ki, İsrail prinsipcə Azərbaycanın ISF-də yer almasında maraqlıdır. Azərbaycan həm peşəkar hərbi qüvvəyə malikdir, həm də İslam ölkələri arasında neytral mövqeyi ilə seçilir.

“Qapı bağlanmayıb”

Turan Rzayev hesab edir ki, Azərbaycan prosesə tam qapını bağlamayıb:

“Bakı gələcəkdə, vəziyyət sabitləşdikcə və ISF-in mandatı daha aydın müəyyən olunduqca, bərpa və humanitar mərhələdə iştirak barədə daha konkret qərar verə bilər”.

Politoloqun fikrincə, riskli hərbi əməliyyatlara qoşulmamaq Azərbaycanın dövlət marağı, imici və regional balans baxımından tam əsaslı yanaşmadır.


Sizin reklam burada
Sizin reklam burada