Qarşılıqlı anlaşma olmadan sabitlik mümkün deyil

Qarşılıqlı anlaşma olmadan sabitlik mümkün deyil
12:10

Ermənistanda yaxınlaşan seçkilər fonunda revanşist qüvvələrin fəallaşması və regionda mümkün siyasi proseslər yenidən gündəmə gəlib.

Mövzu ilə bağlı politoloq Elşən Mustafayev News365.az-a açıqlama verərək proseslərin gedişini şərh edib.

O bildirib ki, bu istiqamətdə mövzu ilə bağlı müxtəlif yanaşmalar mövcuddur və Azərbaycanın rəsmi mövqeyi daha çox ehtiyatlı və balanslı şəkildə ifadə olunur. Ekspertin sözlərinə görə, Prezidentin çıxışlarında bu məsələyə dair həm yumşaq, həm də daha sərt mesajlar yer alıb.

Politoloq qeyd edib ki, Ermənistanda revanşist meyillərin yenidən güclənmək cəhdləri müşahidə olunur. Onun fikrincə, bu qüvvələr əsas ümidlərini qarşıdan gələn seçkilərə bağlayıblar və seçkilərdən sonra regionda fərqli siyasi davranışlar ortaya qoya bilərlər.

Elşən Mustafayev vurğulayıb ki, bəzi xarici güclərin və regionda marağı olan dövlətlərin Ermənistan daxilindəki proseslərə təsir göstərmək cəhdləri də istisna edilmir. Onun sözlərinə görə, bu yanaşmalar Azərbaycan-Ermənistan münasibətlərinə də təsirsiz ötüşmür.

Politoloq əlavə edib ki, hazırkı mərhələdə əsas məqsəd proseslərin danışıqlar yolu ilə davam etdirilməsi və sülh sazişinin imzalanması olmalıdır. O bildirib ki, Ermənistanın düzgün siyasi qərarlar verməməsi region üçün ciddi nəticələr yarada bilər.

Mustafayevin fikrincə, regionda sabitlik yalnız tərəflərin konstruktiv yanaşması və qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi ilə mümkündür.


Sizin reklam burada
Sizin reklam burada