“Qala Sığorta” ASC-nin yaydığı hesabata görə 2026-cı ilin I rübündə şirkətin xalis mənfəəti 2.89 milyon manat təşkil edib ki, bu da 2025-ci ilin eyni dövründəki 4.46 milyon manatla müqayisədə 35.21% azalmadır.
Əlavə olaraq bölüşdürülməmiş mənfəətdən götürülmə səbəbindən həcm 2025-ci ilin birinci rübündəki 25.73 milyon manat bu ilin müvafiq perioduna 14.09 milyon manata düşüb. Nəticədə kapital buferinin həcmi son bir ildə 18.29 milyon manatdan 3.66 milyon manata yuvarlanıb.
Mənfəətin azalmasına əsas təsir göstərən ümumi gəlirlərin 18.73% azalaraq 20.77 mln. manata düşməsi və əsas əməliyyat gəlirlərində ciddi enişin qeydə alınması olub. Eyni zamanda, xalis sığorta ehtiyatlarının dəyişməsi üzrə müsbət təsir (əvvəlki ildə mənfi 2.93 milyon manat olduğu halda cari ildə 5.92 milyon manat) zərərin bir hissəsini kompensasiya etsə də, ümumi nəticədə azalmanın qarşısını ala bilməyib.
Hesabat dövründə “Qala Sığorta”nın xərclər isə 17.16 milyon manat səviyyəsində formalaşıb və 14.12% azalıb.
Bəs şirkətin bu qədər zərərə düşməsinin səbəbi nədir?
Mövzu ilə bağlı News365.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyir ki, əsas zərbə gəlirlərin çökməsindən gəlib:
“Şirkətin ümumi gəlirləri 18.73% azalıb, 20.77 milyon manata düşüb. Bunun kökündə əmlak sığortası dayanır. Ötən il 43.26 milyon manat əmlak sığortası yığırdısa, bu il cəmi 7.62 milyon manat yığıb. 82.36% eniş var. Deməli, şirkət böyük korporativ müştərilərini itirib. Böyük tikinti, layihə, dövlət sifarişləri ya olmayıb, ya da tenderləri başqa şirkətlər udub. Əmlak sığortası “Qala” üçün əsas çörək ağacı idi, o quruyub.
İkinci zərbə avto sığortadan gəlib. İcbari avto bazarı özü böyüyür, amma “Qala” orada pay itirir. AVİSMİS yığımları 4.64 milyondan 1.44 milyon manata azalıb. Üstəlik bu seqmentdə zərərlilik dəhşət həddə çatıb. Ödənişlər yığımdan çoxdur. Zərərlilik əmsalı 108%-dən 128%-ə qalxıb. Yəni hər 100 manat yığıma 128 manat ödəniş verir. Bu, birbaşa ziyan deməkdir. Ehtiyat hissəsi, təmir, məhkəmə xərcləri qalxıb, tarif isə dəyişməyib.
Üçüncü problem tibbi sığortadır. Orada da həm yığım 19.5% düşüb, həm də zərərlilik 82%-dən 98%-ə qalxıb. Deməli, müştəri azalıb, amma xəstələnən, klinikaya gedən müştəri çoxalıb. Şirkət tibbi sığortadan da pul qazana bilmir.
Dördüncüsü, investisiya portfeli əriyib. 55.23 milyon manata düşüb, 25.71% azalma var. Əsas səbəb dövlət istiqrazlarından çıxmasıdır - 40.77 milyon manat azalıb. Dövlət özü az istiqraz buraxır, gəlirlilik də aşağıdır. “Qala” qeyri-dövlət istiqrazlarına, depozitə keçib, amma ümumi portfel kiçilib. İnvestisiya gəliri də 13.06% azalıb. Yəni sığortadan zərər gələndə investisiya ilə bağlamaq olmur, çünki orda da pul azalıb.
Nəticədə mənfəət 35.21% düşüb, 2.89 milyon manat olub. Daha pisi odur ki, şirkət keçmiş illərin yığılmış mənfəətini yeməyə başlayıb. Bölüşdürülməmiş mənfəət 25.73 milyondan 14.09 milyona düşüb. Kapital buferi 18.29 milyondan 3.66 milyona enib. Bu, artıq təhlükəli həddir. Mərkəzi Bankın tələblərini ödəmək üçün kapital lazımdır. Bufer bu sürətlə ərisə, sabah ya kapital artırmalı, ya da bazardan çıxmalı olacaq.
Xərcləri 14.12% azaldıb, ehtiyatlarda müsbət dəyişiklik olub, şikayət indeksi yaxşıdır, müştəri narazı deyil. Amma bunlar gəlir çökəndə vəziyyəti xilas etmir. Əsas problem satışı itirməsidir. Əmlak sığortasında 35 milyon manat yığımı itirmək şirkəti bir rübə silkələyib.
Qısası, “Qala Sığorta” həm korporativ müştərini itirib, həm avto və tibbidə zərərlə işləyir, həm də investisiyadan kömək ala bilmir. Gəlir azalıb, zərər çoxalıb, kapital əriyib. Ona görə çətin duruma düşüb”.
News365.az