Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
News365.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Şavkat Mirziyoyev dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdıraraq, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Azərbaycan Prezidentinin Özbəkistana, Özbəkistan Prezidentinin isə ölkəmizə həyata keçirdikləri səfərlər və aparılmış səmərəli müzakirələr məmnunluqla xatırlanıb.
Dövlət başçıları Azərbaycan–Özbəkistan münasibətlərinin qardaşlıq, dostluq və müttəfiqlik prinsiplərinə əsaslandığını qeyd edərək, gələcəkdə də əlaqələrin bütün sahələr üzrə uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
***
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
News365.az-ın məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Sizin rəhbərliyinizlə Azərbaycan sosial və iqtisadi sahələrdə böyük uğurlar qazanıb, beynəlxalq aləmdə mövqelərini ardıcıl olaraq möhkəmləndirir.
Ölkələrimiz arasında münasibətlər möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Əminəm ki, bu münasibətlər bundan sonra da strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edəcək, bu da şübhəsiz ki, Rusiya və Azərbaycan xalqlarının mənafelərinə cavab verir.
Hörmətli İlham Heydər oğlu, Sizə cansağlığı, firavanlıq və uğurlar arzulayıram. Ən səmimi salamlarımı ailənizə çatdırmağı xahiş edirəm".