Pezeşkian daxili təzyiqlərə tab gətirə biləcəkmi? - Tural İrfan yazır

Pezeşkian daxili təzyiqlərə tab gətirə biləcəkmi? - Tural İrfan yazır
09:22
Bu mövzuda bundan əvvəlki yazımda qeyd etmişdim ki, İran prezidenti Məsud Pezeşkiyanı mövcud sistemin mahiyyətini tənqid etdiyinə görə "sionist" adlandıra bilərlər. Ehtimalım çox gecikmədən özünü doğruladı. İran parlamentinin üzvü Kamran Qəzənfəri artıq belə bir açıqlama verib:
"Mövcud sənədlər İran prezidenti Məsud Pezeşkiyanın İsrail ilə əməkdaşlıq etdiyini sübut edə bilər. Bu iddia ilə bağlı real sənədlərə sahibəm, lakin onların məzmununun təfərrüatları ictimaiyyətlə paylaşılmayacaq".
Mövcud sistemin əsaslandığı ideologiya hədəflər və məqsədə çatmaq üçün heç bir müqəddəslik tanımır. İslam tarixində Əməvi xanədanına məxsus olmuş bütün mənfur vasitələrdən istifadə edir. Adını din, məzhəb qoyduqları, halbuki mahiyyətini təhrif edərək əslində Əhəməni, Sasani məfkurəsi ilə sintez olunmuş anti-islami istiqamətlərinə görə şərləmək, böhtan atmaq, şantaj etmək nəinki icazəlidir, hətta məqsədə çatmaq üçün vacibdir. Bu metod, hökm kimi bəzi şüubiyyə müctəhidlərin kitablarında da təsbit olunub. Hətta bir az da irəli gedərək öz ideoloji xətlərinə müxalif olanları açıq şəkildə şərləyib, böhtanlamağın zəruri olması haqqında İmam Baqir və İmam Sadiqin adına hədislər də uydurublar. Bu, orta əsrlərdə yaranmış fars şüubiyyəsinin ideoloji xəttinin tərkib hissəsidir.
Əvvəlki yazımda hətta vaxtilə Pezeşkiyan kimi açıq fikirli olduqlarına görə neçə dövlət adamının başını yediklərini də qeyd etmişdim. Hətta onların içində inqilabın öndərləri, ayətullahlar da var. Xalqımız İranın inqilab tarixini yaxşı bilmir. İrançı inanclılar da sadəcə ağaları hansı formada, hansı çərçivədə anladırsa o qədər məlumatlıdır.
Məsud Pezeşkiyana qarşı mövcud sistemin qara pərdələr arxasında oturan, indiki dövrün Şəmsəddin Lahiciləri, Müctəhid Kərəkiləri gizli fətva imzalaya bilərlər. Şüubiyyə təşkilatı tarix boyu gizli fəaliyyət göstərib, batini fəlsəfəyə əsaslanıb, təqiyyə (özünü, əsl əqidəsini, niyyətini) etiqadına sadiq qalıb və gizli xüsusi xidmət funksiyasına da sahib olub. Müasir dillə desək bunu "fars dərin dövləti" adlandırmaq olar. Bu sistemin əsasını təşkil edən ideologiyadan yaxa qurtarmaq istəyən iki şah olub, ikisini də öldürüblər. İkinci Şah İsmayıl və Nadir şah. Bu təşkilatın əsas məqsədi, hansı görkəmdə olursa olsun fars dövlətini ayaqda saxlamaqla yanaşı tarixi imperiyasını bərpa etməkdir. Sadəcə xalqın əksəriyyəti müsəlman olduğu və inanclı təbəqə kifayət qədər əhali nüfuzunu təşkil etdiyi üçün islam adı, din, məzhəb əsas götürülüb. Lakin daxildə dinin də məzhəbin də tərkibi dəyişdirilib, sırf fars, şüubiyyə, batini ideologiyaya rəng, pərdə kimi örtülüb ki, anti - İslam mahiyyət zahirdə hiss olunmasın.
Ancaq bu həqiqət nə qədər gizli saxlanılsa da ara-sıra hətta dövlət rəsmilərinin, ali din xadimlərinin dilindən etiraf olunur. Yüksək mənsəbli din xadimi Əli Əşrəf Muəyyedinin qadınlara müraciətən hicab barədə dediyi bu söz rezonans doğurmuşdu: "Kaş ki, haram yeyən və içki düşkünü olaydınız, amma hicablı qalaydınız..."
Hicab kimi zahiri dini atributlar özünü müsəlman aləminin bir parçası olaraq təqdim etmək və şüubiyyənin gizli funksiyasını ümmət daxilində həyata keçirmək naminə rejim üçün zəruridir. Orta əsrlərdə şüubiyyə üzvləri üzdə müsəlman qalmağı ona görə şərt qoydular ki, mövcud müsəlman dövlətlərində dindən dönənlər irtida hökmü ilə mürtəd elan edilib edam edilirdi. Təqiyyə sistemini də bu anlamda tətbiq etdilər. Bütün müsəlmanların ehtiram etdiyi Əhli-Beyti şüar, qalxan, pərdə qərar verdilər. Əks halda Əhəməni, Sasani, məcusi kimliyi ilə müsəlman aləmində bir iş görə bilməz, dövlət qurmağa nail ola bilməzdilər.
Hazırda 1979 - ci ildə gizli hücrələrdən çıxıb hakimiyyəti ələ alan məlum şüubiyyə təşkilatı hətta işin içindən xəbərdar olan, bu ideologiyadan imtina edib həqiqi İslam dövləti qurmaq fikrində olan Ayətullah Seyid Məhəmməd Kazım Şəriətmədarini, Ayətullah Seyyid Əllamə Burquini, Ayətullah Seyyid Hüseyn Əli Müntəzirini məhv etdi. Ayətullah titulları olduğuna görə edam edə bilməsələr də dəfələrlə terrora məruz qoyub, sonra ev həbsində axırlarına çıxdılar.
Təbriz əsilli Ayətullah Şəriətmədarini ram etmək üçün hətta rejim Təbrizi bombardman etməklə hədələdi, liderin çoxsaylı azərbaycanlı, təbrizli tərəfdarları məhkəməsiz dar ağacından asıldı. Hətta asılanların çoxluğu səbəbi ilə dar ağacları kifayət etmədiyindən işıq, telefon dirəklərindən asıldılar. İndi artıq "müasirləşdirib" edamları kran vasitəsi ilə icra edirlər.
Təbriz əsilli məşhur alim Ayətullah Təbatəbaidən inqilabda nə qədər itki verdiklərini soruşduqda o belə cavab vermişdi: "Bizim bircə itkimiz oldu, o da İslamın özü".
Mərhum Ayətullah Şəriətmədari inqilab dövründə bir neçə xarici jurnalistə müsahibə verib dövlət quruculuğu ilə bağlı xalqın tələblərinə uyğun mütərəqqi fikirlərini ifadə etdiyinə görə onun haqında "ingilis casusu" damğası vurdular. Edama məhkum edilərkən ona qarşı qaldırılan iddialardan biri də ayətullahın guya casus olması iftirası idi. Sonra ona ağır işgəncələr verərək yazıb təqdim etdikləri tövbənaməni oxudub canlı yayımda televiziyaya verdilər. Beləcə Təbriz və ətrafı Ayətullah Şəriətmədarinin susdurulduğuna şahid oldu.
Böyük Ayətullah Burqui İmam Rzanın nəslindəndir. Sadəcə mövcud şüubiyyə ideolojisinin əleyhinə kitablar yazır, məzhəbçiliyi tənqid edir, faktlar ortaya qoyurdu. Namaz qıldığı yerdə güllələdilər. Sağ qaldı. Ömür boyu həbslərdə, işgəncələrdə vəfat etdi.
Ayətullah Müntəziri inqilabın öncüllərindən idi. Hətta Ayətullah Xomeynidən sonra varis olaraq onu göstərdiyi deyilirdi. Hər yerdə portretləri qoşa asılırdı. Sadəcə rejim təsis olunanda gördü yox, bu onların arzuladığı deyil, İslamdan, dindən əlamət belə yoxdur. Dərhal etiraz etdi, başqa inanclardan olan qrupların acımasız, qəddarlıqla kütləvi edamlarına və yürüdülən siyasətə qarşı çıxdı. Dərhal siyasi səhnədən, varislikdən uzaqlaşdırılıb, bütün kitabları yığıldı, dini və siyasi vəzifələri əlindən alınıb ev həbsinə məhkum edildi. Eyni zamanda onu kimi çoxsaylı ayətullah və siyasi, dini rütbəli simalar tutuldu, asıldı, soyudu, susduruldu...
Belə siyasi burulğanları görmüş cənab Pezeşkiyanın böyük cürət və hünər sahibi olması lazımdır. Heç bir dövlət ərkanı, beynəlxalq hüquq, din və müqəddəslik tanımayan şüubiyyə ideolojisinin siyasi rejiminin içərisindən dəyişikliklərə cəhd etmək əslində böyük hünərdir.
Tural İrfan, MCP sədrinin müavini, dinşünas

Sizin reklam burada
Sizin reklam burada