Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib.
News365.az xəbər verir ki, nümayəndə heyətinə İslam İnkişaf Bankı qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir, OPEC Fondunun prezidenti Əbdülhəmid Əl-Xəlifə, Əbu-Dabi İnkişaf Fondunun Baş direktoru, Əbu-Dabi İxracat Ofisinin (ADEX) İcraiyyə Komitəsinin sədri Məhəmməd Saif Əl-Süveydi, Səudiyyə İnkişaf Fondunun Baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Marşad və Küveyt Ərəb İqtisadi İnkişaf Fondunun Baş direktoru vəzifəsini icra edən Valed Əl-Bahar daxildir.
Dövlət başçısı Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların xüsusilə indiki dövrdə - Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-tikinti işləri apardığı zaman ölkəmizdə sosial infrastrukturun inkişafı ilə bağlı layihələrə dəstək vermək niyyətini yüksək qiymətləndirib. Prezident İlham Əliyev vurğulayıb ki, bütün bunlar qonaqların təmsil etdikləri maliyyə institutları və ölkələrin xalqları ilə qardaşlıq, dostluq münasibətlərimizi genişləndirir.
Azərbaycanda əsas infrastruktur layihələrinin artıq tamamlandığını deyən dövlət başçısı su, nəqliyyat və digər sahələr üzrə dövlət proqramlarının icra edildiyini və gələcəkdə də müxtəlif istiqamətlər üzrə dövlət proqramlarının qəbul olunacağını vurğulayıb.
Görüşə görə nümayəndə heyətinin adından dövlət başçısına təşəkkür edən İslam İnkişaf Bankı qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir işğaldan azad edilmiş Qarabağda, Şuşada olmaqdan məmnunluğunu bildirib, orada aparılan işlərin dərin təəssürat hissi doğurduğunu deyib.
Söhbət zamanı Azərbaycanla Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlar arasında uğurlu və səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb, ölkəmizdə yaradılan əlverişli investisiya və biznes mühitinə toxunulub, əməkdaşlığın perspektivləri müzakirə edilib. Azərbaycanla Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlar arasında birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.