Bu gün Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında təşkilatın “Türk dünyasının diplomatiya inciləri” kitab seriyasının yeni nəşrinin – Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı səfiri, filologiya elmləri doktoru Vilayət Quliyevin müəllifi olduğu “Polşa-Litva tatarları Azərbaycanda” adlı kitabın təqdimat mərasimi keçiriləcək.
Kitabda Polşa-Litva tatarlarının Azərbaycan tarixində, xüsusilə də Azərbaycan Xalq Cümhuriyyəti dövründə oynadıqları mühüm rol geniş tarixi faktlar və arxiv materialları əsasında işıqlandırılır. Eyni zamanda, Polşa-Litva tatarlarının Azərbaycan elminə verdiyi töhfələr də diqqətə çatdırılaraq, onların ölkənin ictimai-siyasi və intellektual həyatındakı yeri kompleks şəkildə təqdim edilir.
Mərasim çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova, Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri, filologiya elmləri doktoru Vilayət Quliyev (kitabın müəllifi), Tarix elmləri doktoru, ictimai-siyasi xadim Həsən Həsənov, Xalq yazıçısı, akademik Kamal Abdulla, Əməkdar elm xadimi, professor Solmaz Rüstəmova-Tohidi çıxış edəcək.
Tədbirdə Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, dövlət rəsmiləri, elm, mədəniyyət və ictimai-siyasi xadimlər, beynəlxalq təşkilat rəhbərləri eləcə də media təmsilçiləri iştirak edəcəklər.