İran Prezidenti Məsud Pezeşkianın vəzifəsindən ayrılmağa hazırlaşdığı barədə yayılan məlumatlar ölkə gündəmində geniş müzakirələrə səbəb olub.
News365.az xəbər verir ki, Böyük Britaniyada fəaliyyət göstərən “Iran International” telekanalının iddiasına görə, dövlət başçısı postundan getmək üçün ölkənin Ali Lideri Müctəba Xameneiyə müraciət edib. Məlumat qısa müddətdə beynəlxalq mediada da diqqət çəkib.
Lakin rəsmi Tehran bu xəbərləri qəti şəkildə rədd edib. İran Prezident Administrasiyasının Kommunikasiya bölməsinin rəhbəri Mehdi Tabatabai yayılan məlumatların həqiqəti əks etdirmədiyini və əsassız şayiələrdən ibarət olduğunu bildirib.
İran hökumətinin sözçüsü Fatimə Mohecerani də məsələ ilə bağlı açıqlamasında Nazirlər Kabinetinin normal fəaliyyətini davam etdirdiyini vurğulayıb. Onun sözlərinə görə, hökumətin işində hər hansı dəyişiklik və ya fövqəladə vəziyyət mövcud deyil.
Beləliklə, Pezeşkianın istefaya hazırlaşdığına dair iddialar rəsmi qurumlar tərəfindən təkzib edilsə də, məsələ region mediasında müzakirə olunmaqda davam edir.
News365.az