Pərakəndə sektor KOS-ların lokomotivi rolunda- ARAŞDIRMA

Pərakəndə sektor KOS-ların lokomotivi rolunda- ARAŞDIRMA
14:10

 

Kiçik və orta sahibkarlıq (KOS) hər bir ölkənin iqtisadi inkişafında mühüm rol oynayır. Bu sektor istehsalın artırılması, yerli məhsul istehsalının genişləndirilməsi və regionların iqtisadi aktivliyinin yüksəldilməsi baxımından əvəzsizdir. KOS-un iqtisadi fəaliyyət sahələri arasında pərakəndə ticarət mühüm yer tutur və bu sahə sahibkarlığın inkişafında, xüsusən də şəhər və kənd yerlərində mikro və orta bizneslərin formalaşmasında əhəmiyyətli rol oynayır.

Hazırda kiçik və orta sahibkarlıq (KOS) sektoru dünyada olduğu kimi, Azərbaycan iqtisadiyyatının da dinamik və davamlı inkişafında əsas lokomotivlərdən biri hesab olunur. Xüsusilə pərakəndə ticarət sahəsi, sahibkarlığın təşviqində və iqtisadi şaxələndirmədə mühüm rol oynayır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə pərakəndə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 5,4% artaraq 43,8 milyard manata çatıb.

Pərakəndə ticarət sektorunun KOS-un inkişafına töhfəsi bir neçə istiqamətdə qiymətləndirilə bilər. Nəzərə alaq ki, Azərbaycanda fəaliyyət göstərən 900 mindən çox iqtisadi subyektin 99%-i KOS-lardır. Bu sahibkarlıq subyektlərinin böyük bir hissəsi pərakəndə ticarət sahəsində fəaliyyət göstərir. Bu da ümumi məşğulluqda əhəmiyyətli pay deməkdir.

Beynəlxlaq təcrübə

Avropa İttifaqının iqtisaid fəallığında KOS 99%-lik paya malikdir. Və pərakəndə satış şəbəkələrinin 60%-dən çoxu ilə KOS-larla əməkdaşlıq edir, onlardan məhsul tədarük edir.  ABŞ-da KOS-lar ÜDM-in 44%-nə töhfə verir, eyni zamanda böyük pərakəndə satış şəbəkələrinin həyatında mühüm rol oynayır. Kanadada isə kiçik qida brendlərinin təxminən 75%-i böyük pərakəndə ticarət şirkətlərilə əməkdaşlıq yolu ilə böyüyür.

Bu da onu göstərir ki, bu sektor istehsalın artırılması, yerli məhsul istehsalının genişləndirilməsi və regionların iqtisadi aktivliyinin yüksəldilməsi baxımından əvəzsizdir. KOS-un iqtisadi fəaliyyətində pərakəndə ticarət mühüm yer tutur və bu sahə sahibkarlığın inkişafında, xüsusən də şəhər və kənd yerlərində mikro və orta bizneslərin formalaşmasında əhəmiyyətli rol oynayır.

Əgər əvvəllər pərakəndə ticarət şəbəkələri mərkəzi şəhərlərdə- Bakıda, Sumqayıtda, Gəncədə fəaliyyət göstərirsə, hazırda istənilən bölgədə bu şəbəkənin nümayəndəliklərinə rast gəlmək olur.

Şəbəkə bazarları və KOS-ların İnkişafı

Almaniyada ərzaq mağazalarının rəflərinin 45%-dən çoxu yerli KOS məhsullarına ayrılıb. Fransada “Carrefour”-un KOS-lara dəstək proqramı 18 min kiçik istehsalçıya böyükbazara daxil olmağa kömək etdi. Yapon supermarketləri təzə qidalarının təxminən 35%-ni birbaşa kiçik yerli fermalardan alır.

Təsadüfi deyil ki, Azərbaycanda da pərakəndə ticarət KOS sektorunun inkişafında aparıcı rol oynayır və ölkənin qeyri-neft sektorunda dayanıqlı inkişafı təmin edir. Dövlətin göstərdiyi dəstək tədbirləri və sahibkarların təşəbbüskarlığı birgə şəkildə pərakəndə ticarətin daha modern və rəqabətqabiliyyətli səviyyəyə yüksəlməsinə şərait yaradır.


Gələcəkdə innovativ yanaşmaların və rəqəmsallaşmanın daha geniş tətbiqi bu sektorun daha da sürətlə inkişafına səbəb olacağı şübhə doğurmur.

Yerli istehsalın və təchizatçıların inkişafında şəbəkə bazarlarının rolu

Şəbəkə bazarının inkişafı yerli istehsal üçün başlıca amildir. Çünki istehlakçı keyfiyyətli və təzə məhsul istəyir. Bu tələbi isə ancaq yerli istehsal hesabına ödəmək olar. Təsadüfi deyil ki, Azərbaycandakı pərakəndə ticarətdə təqdim edilən qida məhsulların 80 faizə yaxını KOS-ların istehsalıdır. Bu dünya bazarındakı təcrübə ilə müqayisədə xeyli yaxşıdır. Məsələn, İtaliyada supermarketlərdə təzə ərzaq məhsullarının 55%-i yerli fermerlərin payına düşür. “Tesco” kimi Böyük Britaniya pərakəndə satış şirkətləri yerli mənbə çərçivəsində 2500-dən çox kiçik yerli təchizatçı ilə işləyirlər. Avstraliya supermarket şəbəkələrinin 70%-nin yerli təchizatçıları cəlb etmək üçün rəsmi proqramları var.

Logistika və şəbəkə bazarlarının inkişafı

Loqistika istənilən məhsulun istehsalında və pərakəndə satışda mühüm rol oynayır. Məhz bu səbəbdən Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi hazırlanıb. Və nəzərdə tutulan tədbirlərin reallaşdırılması üçün dövlət və özəl mənbələrdən istifadə edilməklə, 2025-ci ilin sonuna kimi  3 milyard 160 milyon manat investisiya qoyuluşu  nəzərdə tutulur.

Qeyd edək ki,  Almaniya kimi inkişaf etmiş iqtisadiyyatlarda logistika ÜDM-in 8%-ni təşkil edir.  ABŞ-ın pərakəndə logistika bazarının dəyəri hər il 1,6 trilyon dollardan çoxdur. Fransada iri pərakəndə satış şəbəkələri üçün logistika əməliyyatlarının təxminən 35%-i davamlılıqdan istifadə edir.

Beynəlxalq təcrübəyə baxanda ölkəmizdə vəziyyət hələki arzulanan səviyyədə deyil. Bu gün istənilən malın istehsalında və realizə edilməsində loqistika xərcləri xüsusi yer tutur. Beləki istehlakçıya çatan məhsulun qiymətində loqistika xərcləri 15-20, bəzi hallarda isə 25 faizə çatır. Bu da onunla bağlıdır ki, ölkədaxilində yüklər əsasən avtomobillə daşınır. Bu da kifayət qədər çox xərc aparır. Bir çox hallarda loqistika xərclərinə görə KOS-lar böyük bazara çıxa bilmir.

Bu məsələdə pərakəndə ticarət şəbəkələri KOS-lara ən yaxşı yardımçıdır. Beləki sahibkar istehsal etdiyi hansısa pərakəndə ticarət subyektinə təhvil verdikdən sonra onun məhsulları asanlıqla bütün ölkəyə yayılır. Nəzərə alaq ki, pərakəndə ticarət loqistika xərclərini optimallaşdıran ən unikal platformadır.

Beynəlxalq təcrübəyə baxanda görürük ki, Niderlandda supermarketlər tərəvəzin 40%-ni 150 kilometr məsafədəki fermalardan alır. Almaniyanın REWE Qrupu birbaşa təsərrüfat tədarükü vasitəsilə qida məsafəsini 30% azaldıb. İsveçrədə bütün ərzaq məhsullarının 25%-i hazırda qısa tədarük zəncirləri vasitəsilə satılır.

Şəbəkə bazarları və qida təhlükəsizliyi

ABŞ-ın pərakəndə satış sektoru əhalinin gündəlik kalori ehtiyacının 95%-dən çoxunu təmin edir. Kanadanın şəbəkə bazarları hətta COVID-19 zamanı da 99% ərzaq əlçatanlığını qorudu. Aİ ərzaq pərakəndə zəncirləri ehtiyatın 15%-ni təcili ərzaq ehtiyatları və ianələrə ayırır.

Hesabatlar göstərir ki, qida təhlükəsizliyində pərakəndə ticarət  şəbəkəsinin əhəmiyyətli rolu var. Çünki məşhur brendlər AQTA və digər qurumları ilə əlbir işləyir. Pərakəndə ticarət şəbəkələrinə daxil olan məhsullar üçün mənşə və uyğunluq sertifikatı vacib şərtdir. Əksər pərakəndə şəbəkələrində davamı baytar və həkim nəzarəti var. Lakin küçə ticarətində və kiçik marketlərdə bu qayda gözlənilmir.

Təsadüfi deyil ki, dünyada bu keyfiyyətli və orqanik məhsullara xüsusi önəm verilir. Danimarkada pərakəndə malların 50%-dən çoxu davamlı və ya üzvi məhsul kimi sertifikatlaşdırılıb. Almaniyada pərakəndə satış şirkətləri 2010-2020-ci illər arasında karbon emissiyalarını 35% azaldıblar. Böyük Britaniyanın ərzaq pərakəndə satış sektoru Britaniya Pərakəndə satışı çərçivəsində 2040-cı ilə qədər Net Sıfır emissiyaları hədəfləyir

Qida təhlükəsizliyinin təmin olunmasında marketlərin rolu son dərəcə əhəmiyyətlidir. Onlar yalnız satış nöqtəsi deyil, həm də məhsulun keyfiyyət və təhlükəsizlik təminatçısı funksiyasını daşıyırlar. Gələcəkdə texnologiyaların tətbiqi və işçi heyətinin davamlı təlimi vasitəsilə marketlərin qida təhlükəsizliyindəki rolu daha da güclənəcəkdir. Məsələn, Azərbaycanda fəaliyyət göstərən "Bravo", "Araz", "Bolmart" və digər iri supermarket şəbəkələri məhsulların tədarükündə sertifikatlaşdırmaya və izlenebilirliyə xüsusi diqqət yetirirlər. "Bravo Supermarket" şəbəkəsi 2023-cü ildən qida təhlükəsizliyi auditi sistemini tətbiq edərək, satışda olan bütün təzə məhsulları dövri analizdən keçirir. Müasir marketlər ISO 22000, HACCP (Hazard Analysis and Critical Control Points) kimi beynəlxalq qida təhlükəsizliyi standartlarına əsaslanan sistemlər tətbiq etməklə riskləri minimuma endirirlər.


İqtisadiyyatın və şəbəkə bazarlarının davamlı inkişafı

Yerli istehsal məhsullarının pərakəndə şəbəkələr vasitəsilə istehlakçılara çatdırılması daxili bazarın davamlılığını təmin edir. 2024-cü ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 62,2 milyard manatlıq, o cümlədən 34,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 28,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə 6,3 faiz artıb.

Hesabat ilində pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 508,0 manatlıq, o cümlədən 278,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 229,2 manatlıq qeyri-ərzaq malları alıb.   

Nəzərə alaq ki, E-ticarətin sürətli inkişafı nəticəsində KOS-lar onlayn satış kanalları vasitəsilə daha geniş bazara çıxış əldə edir. Məsələn, 2023-cü ildə Azərbaycanın elektron ticarət bazarı həcmi 2,4 milyard manat olub.

Bütün bunlar onu göstərir ki, pərakəndə ticarət sistemi KOS-lar üçün bir lokomotivdir. Və bu sahibkarların sürətli və davamlı inkişafı bir çox hallarda pərakəndə ticarətdən keçir.

İlhamə Qiyas, News365.az

Yazı Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin "Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu" mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.


Sizin reklam burada
Sizin reklam burada