Bu gün Dövlət
Statistika Komitəsinin yaydığı məlumata görə, 2024-cü ilin ilk 11 ayında ölkə
üzrə orta aylıq əmək haqqı 8.0 faiz artaraq 996.8 manata çatıb. Bu isə o deməkdir
ki, ötən ilin yekun əmək haqqı artımının təxminən 8.0 faiz olacağı gözlənilir.
“Əmək Pensiyaları” haqqına Qanuna əsasən isə, bütün növ əmək pensiyaları əvvəlki
ildə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır.
Məsələ ilə
bağlı danışan Millət vəklili Vüqar Bayramov deyib ki, indeksləşdirmə nəticəsində
1 milyon 100 min vətəndaşımızın pensiyalarında artımlar olacaq:
“Bu
artımların ödənilməsi məqsədlə əlavə təxminən yarım milyard manat vəsait nəzərdə
tutulub. İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək
pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü
təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və
ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən
asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım
hesablanacaq.
Qanunvericiliyə
əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə
2024-cü ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların
pensiyaları artırılacaq. Belə ki, orta aylıq nominal əməkhaqqının illik artım
tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək
pensiyalarının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin
edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən
edilmiş məbləğ artırlır.
Qeyd edək
ki, 2024-cü ildə orta aylıq əmək haqqında artımla bağlı rəsmi statistika fevral
ayının ilk 10 günündə bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq.
Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi
birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən
alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə
əlavə olunacaq”.