"Paşinyan Qərbin "çətir"i altındadır"- Mehman İsmayılov

"Paşinyan Qərbin "çətir"i altındadır"- Mehman İsmayılov
29 Yan 2025 13:56

"6 oktyabr 2022-ci ildə keçirilən dördtərəfli görüşdə Ermənistanın baş naziri Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur oldu. Azərbaycanda bəzi qüvvələr bunu Qərbin konstruktiv mövqeyi ilə izah etsə də, əslində məsələ fərqlidir. Sadəcə olaraq, Ermənistana Avropada, xüsusilə Fransanın diktəsi ilə deyil, Rusiyanı Cənubi Qafqazdan çıxarmaq məqsədilə Azərbaycanın ərazi bütövlüyünü müvəqqəti tanımaq tapşırıldı. Lakin Ermənistan Konstitusiyasını dəyişmək və ərazi iddialarından tamamilə imtina etmək niyyətində deyil. Bu addım, əslində, Azərbaycan və Türkiyəyə qarşı strategiyanın bir hissəsidir."

Bu fikirləri News365.az-a politoloq Mehman İsmayılov bildirib. 

"Bundan sonra Azərbaycan Avropa İttifaqının Ermənistanda 40 nəfərlik müşahidə missiyasına icazə verdi. Daha sonra missiyanın tərkibi genişləndirildi, müddəti əvvəlcə bir il, sonra iki il uzadıldı və heyət 40 nəfərdən 209 nəfərə qədər artırıldı. İndi isə missiyanın daha da genişləndirilməsi gündəmdədir. Biz yaxşı anlayırıq ki, Avropa İttifaqı orada hansı rolu oynamaq niyyətindədir. Bilirik ki, “erməni layihəsi”nin müəllifi Avropa və Amerikadır, icraçısı isə Rusiyadır. Bu gün isə Rusiyanın özü erməni faktorunun qurbanına çevrilib.

Avropa İttifaqı Ermənistandakı destruktiv, aqressiv mövqeyi dəstəkləməyə davam edəcək. Azərbaycan buna etiraz etsə də, onlar nə Ermənistana təzyiq göstərəcəklər, nə də onu Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina etməyə məcbur edəcəklər. Həmçinin, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına da imkan verməyəcəklər. Çünki bu, Avropanın oyunudur və bu oyunda ermənilərdən alət kimi istifadə edilir.

Azərbaycan nə qədər etiraz etsə də, müqavimət göstərsə də, Avropa İttifaqı Ermənistanla Azərbaycan arasına yerləşəcək və artıq yerləşməkdədir. Xüsusilə də nəzərə alsaq ki, Paşinyan rejiminin hazırda alternativi yoxdur. Paşinyan özünün fiziki məhvinə və siyasi səhnədən silinməsinə dair ciddi narahatlıq keçirir və bundan qorxur. Çünki o, yaxşı bilir ki, Paşinyan rejimi Rusiya üçün arzuolunan bir fiqur deyil. Bu səbəbdən o, Avropa və Amerikanın “himayəsi” altına sığınmağa və Ermənistanı Qərbə doğru yönəltməyə məcburdur. Bunun başqa alternativi yoxdur."

 News365.az