Ermənistanın Baş naziri Nikol Paşinyan son açıqlamaları ilə ölkə daxilində kilsənin siyasi təsirinə qarşı açıq mövqe sərgiləyib. O, xüsusilə Yepiskop Qalstanyan və digər kilsə nümayəndələrinin həbsinə qarşı 2-ci Qərargahın bəyanatlarını dövlətin ərazi və siyasi bütövlüyünə təhlükə kimi dəyərləndirib.
Bu barədə politoloq Tamilla Qulami “News365.az”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Paşinyan Ermənistanda uzun illərdir siyasi iradənin əsas daşıyıcısı kimi çıxış edən kilsənin bu mövqeyini ölkə üçün risk hesab edir:
“Əvvəllər Ermənistan adlı dövlət olmadığı zamanlarda belə, kilsə siyasi arenada bu ölkəni təmsil edirdi. İndi isə Paşinyan bu təsiri aradan qaldırmaq üçün ciddi islahatlara start verib. İyulun 5-də konstitusiyanın qəbulunun 30 illiyinə həsr olunmuş tədbirdə o, açıq şəkildə bəyan etdi ki, Ermənistana yeni bir konstitusiya təqdim olunmalıdır. Bu sənəddə kilsə və diasporaya dair maddələrə yenidən baxılacağı gözlənilir”.
Politoloq əlavə edib ki, Paşinyanın əsas məqsədi ölkə idarəçiliyini kilsə və xarici təsirlərdən azad etməkdir:
“Bu, həm də Rusiyanın dəstəklədiyi ənənəvi qüvvələrə qarşı atılan addım kimi qiymətləndirilə bilər. Paşinyan cəmiyyətə göstərməyə çalışır ki, xarici güclərin təsiri altında olan kilsə Ermənistanın suverenliyi üçün real təhdiddir”.