Ermənistanda hazırda yaşanan gərginlik sadəcə olaraq Baş nazir Nikol Paşinyanla Erməni Apostol Kilsəsi arasında baş verən münaqişə deyil, əslində bu, Paşinyanla Kreml arasında gedən ciddi qarşıdurmadır.
Bu fikirləri politoloq Mehman İsmayılov “News365.az”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda sülh prosesinə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına və regionda normallaşmaya əsas mane olan tərəf Rusiyadır:
“Erməni Kilsəsinin arxasında ilk növbədə Rusiyanın xüsusi xidmət orqanları dayanır. Ermənistan daxilində sülhə qarşı müqavimətin yerli icraçısı məhz kilsədir. Bu qurumun ətrafında radikal dini qruplar, eləcə də separatçı və terrorçu təşkilatlar cəmlənib: ‘Yerkarapa’, ‘Gınçak’, ‘Assala’, ‘Daşnaksyutun’, ‘Duro’, ‘Arminakan’, qondarma “Qarabağ Respublikası” və digər separatçılar – hamısı bu prosesin bir hissəsidir”.
Mehman İsmayılov qeyd edib ki, Kreml Ermənistan daxilində çevriliş planlayır və bununla həm Bakı-İrəvan sülh prosesini, həm də Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını əngəlləmək istəyir:
“Rusiyanın Ermənistandakı ikinci hərbi bazasını gücləndirmək niyyətində olduğu bildirilir. Bu iddialar Ukrayna və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin sənədlərində də yer alıb. Hazırda Ermənistan həm daxildən, həm də xaricdən idarə olunan təzyiqlərlə qarşı-qarşıyadır. Bu təzyiqlərdən biri də etnik azərbaycanlılar vasitəsilə yönəldilən informasiya təsirləridir”.