“Paşinyan böyük təzyiq altındadır, danışıqlar iki tərəfli formatda uğurlu gedir” - Politoloqdan şərh

“Paşinyan böyük təzyiq altındadır, danışıqlar iki tərəfli formatda uğurlu gedir” - Politoloqdan şərh
10 İyl 2025 18:29

“Paşinyan böyük təzyiq altındadır, danışıqlar iki tərəfli formatda uğurlu gedir”.

Politoloq Aydın Quliyev News365.az-a açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən son görüşlərin əvvəlki danışıqlardan mahiyyət etibarilə fərqli ola biləcəyini bildirib.

Onun sözlərinə görə, bu görüşlər yeni siyasi reallıqlar fonunda baş tutur və Paşinyanın üzərində həm daxili, həm də beynəlxalq təzyiqlər xeyli artıb:
“Paşinyan hazırda Ermənistan daxilində artan siyasi gərginliklə və eyni zamanda beynəlxalq aləmdəki yeni balanslarla üz-üzədir. Bu da onun mövqeyinə və davranışına birbaşa təsir edir.”

Aydın Quliyev hesab edir ki, Azərbaycan və Ermənistan arasında danışıqların iki tərəfli formatda aparılması artıq hər iki ölkə tərəfindən ən uyğun model kimi qəbul olunur:
“Ermənistanda da anlayırlar ki, vasitəçilərlə yox, birbaşa formatda aparılan danışıqlarla daha real nəticələr əldə etmək mümkündür.”

Politoloqun fikrincə, Moskvanın bu danışıqlardan kənarda qalması da diqqət çəkir:
“Artıq Azərbaycan-Ermənistan danışıqlarından Rusiya faktiki olaraq sıxışdırılıb çıxarılıb. Bu, Azərbaycan tərəfindən deyil, məhz Ermənistanın təşəbbüsü ilə baş verib. Ermənistan bir neçə dəfə bəyan edib ki, Moskva formatında keçiriləcək danışıqları qəbul etmir.”

Quliyev əlavə edib ki, Azərbaycan üçün danışıqların harada və kimin vasitəçiliyi ilə aparılmasının önəmi yoxdur:
“Azərbaycan mövqeyini dəqiq və şəffaf ifadə edib. Bizim üçün əsas olan bu mövqeyin danışıqlarda təmin edilməsidir.”

Sonda politoloq bildirib ki, məhz bu səbəbdən hazırda vasitəçilərsiz, ikitərəfli formatda davam edən prosesdən ciddi nəticələr gözləmək mümkündür:
“Danışıqların bu məcraya düşməsi sülh prosesinin real irəliləyişə doğru getdiyini göstərir."


Sizin reklam burada
Sizin reklam burada