Papuaşvili: Gürcüstan cəmiyyəti Aİ-dən üzr gözləyir

Papuaşvili: Gürcüstan cəmiyyəti Aİ-dən üzr gözləyir
05 Okt 2025 22:00

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqı (Aİ) liderlərinin Gürcüstanda keçirilmiş yerli seçkilərlə bağlı birgə bəyanatına münasibət bildirib. 

News365.az xəbər verir ki, spiker Aİ-nin bütün nümayəndələrini həqiqətə uyğun olmayan informasiyaları yaymaqdan çəkinməyə çağırıb.

Onun sözlərinə görə, bu cür informasiyalar radikal qüvvələrin demokratiyaya, qanunun aliliyi və insan haqlarına hörmətə xələl gətirilməsi səylərini gücləndirir.

“Əgər düzgün anlayıramsa, xanım Kallas və xanım Kos mətbuat katiblərinin Gürcüstan Prezidentinin sarayına hücum zamanı 25 polis əməkdaşının yaralanması ilə nəticələnmiş, hakimiyyəti devirmək məqsədilə keçirilmiş mitinqə dəstəyinə görə üzr istəmirlər. Lakin Gürcüstan cəmiyyətinin bu gün Avropa İttifaqından gözlədiyi məhz budur”, - Ş.Papuaşvili sosial şəbəkə hesabında yazıb. 

Qeyd edək ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos Gürcüstanda ötən gün baş tutmuş bələdiyyə seçkiləri ilə bağlı tənqidi bəyanat yayıblar.

Xatırladaq ki, Avropa Komissiyasının mətbuat katibi Anita Hipper bu yaxınlarda bildirib ki, gürcü xalqının dinc etiraz etmək hüququ var və Gürcüstan hakimiyyəti onun səsini mütləq eşitməlidir.


Sizin reklam burada
Sizin reklam burada