Tolerantlığımıza qarşı yönəlmiş yad təsirlərin dəf edilməsində bütün ziyalı nəsil səfərbər olmalıdır. Çalxalanan dünyanın həssas dövründə təzadlı mülahizələr, ixtilaflı mövzular, hətta tarixin gerçəklikləri belə mühitə uyğun ifadə edilməlidir.
İslam ənənəsinə görə İblis bircə vəsvəsə ilə Adəm və Həvvanı təxribata çəkdi və acı nəticəyə yol açdı. Bu hadisə bəzilərinə bəsit bir əfsanə kimi görünə bilər, lakin mahiyyəti etibarı ilə ehtiva etdiyi böyük fəlsəfi mənası var. İlk insan
yaranandan bəri Allah bəşəriyyətə, fitnəyə, təxribatçıya uymamağı əmr edir, hətta bunun acı nəticələrini Adəm və Həvvanın timsalında əyani şəkildə göstərir. Çünki bəzən uşağa, isti sobaya əl vurulmamağı tövsiyyə edirik, amma o, buna şübhə edir. Amma özü əlini vurub barmağını azca yandıranda tam əmin olur, onun acısını çəkir... Həyat da belədir!
Düşmən deyərkən elə düşünməyin ki, o yalnız əlində silah olandır. Əslində ən təhlükəli düşmən bədənləri, cismləri məhv etmək istəyən deyil, beyinləri, düşüncə və fikirləri məhv etməyə yönələndir.
Düşmən sənin qarşına, beynini, düşüncəni, milli ruhunu zədələyən və zəhərləyən adi rəsm əsəri, şeir, mərsiyyə, lətifə, musiqi, film ilə də çıxa bilər. Gərək onu sezə biləsən. Sənin xobbini öyrənib xoşladığın, sevdiyin şeylərlə qarşına çıxa bilər.
Ən qəddar düşmən düşüncəni hədəfə alan düşməndir. Nəyə ehtiyacın varsa onu sənin qarşına gətirir, o şeyin batinində də öz zəhərini qanına yeridir. Bal sevən adama zəhəri bala qatıb verdiyi kimi sənin həssas damarını taparaq o yöndən vəsvəsə verir.
Həkimlər yaraları sağaltmağı bacardığı kimi onu yenidən iltihablandırmağı, qıcıqlandırmağı da bacarırlar. Həsən Amuli kimi fars faşizminə qulluq edənlər Çaldıran savaşını yada salaraq İblisin dəsti-xətti ilə köhnə yaranın üstünü necə açdısa dini mühitdə də eyni əməli törədirlər. Məzhəb ixtilafını da, İslam tarixinin "Çaldıran savaşları" nı mütəmadi olaraq məscid minbərlərindən püskürməklə qızışdırırlar.
Təəssüf olsun ki, ölkəmizdə də din xadimləri arasında faşist rejimin bala qatıb təqdim etdiyi "şərbət"lərdən feyziyab olanlar var.
Əqidəsini, yaşamını, geyimini, hətta danışığını, ləhcəsini belə kiməsə bənzədənlər, kor-koranə şərə təqlid edənlər çoxdan özündə deyil, ixtiyarını çoxdan verib əldən.
Ən qorxulu xəstəlik ağrısız, içəridən içini yeyəndir. Fars rejimi də içəridən vəsvəsə, fitnə yaratmaqla şər məqsədinə çatmaq istəyir.
Əgər düşmən bir xalqa, cəmiyyətə nüfuz etmək istəyirsə onun inancını istismar edir, inancın içinə girir və özünü də o inancdaymış kimi təqdim edərək səni əldə edir.
Ayıq olmaq lazımdır...
Tural Irfan, MCP-nin sədr müavini, politoloq