Almaniya onlayn alış-verişi ləğv etmək üçün qanun hazırlayır.
Bu haqda “DW” məlumat yayıb. Bildirilir ki, ölkənin İstehlakçıların Hüquqlarının Müdafiəsi Nazirliyi artıq şirkətlərdən onlayn müqavilələrin ləğvini tələb edən təşəbbüsü təsdiqləyib.
Qeyd olunur ki, yeni mexanizm istehlakçıların əsəblərinə məlhəm olacaq.
Məsələ ilə bağlı News365.az-a danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib ki, almanlar ona görə belə bir addım atırlar ki, onların başı daşa dəyib:
“Ona görə ləğv edirlər. Azərbaycanda isə onlayn ticarətin “çiçəklənən” mərhələsidir.Yəni klassik ticarətlə onlayn ciddi rəqabətdədir. Onlayn ticarət günbəgün əhatə dairəsini genişləndirir. Tənbəl istehlakçılar nə qədər aldansalar da istəyirlər ki, hər şey ayaqlarına gəlsin. Evdən mal almaq bir trendə çevrilib. Amma unutmaq lazım deyil ki, onlayn ticarətdə aldanmalar adi hala çevrilib. Məsələn Ümumdünya Səhiyyə Təşkilatı bəyan edir ki, onlayn satılan dərmanların 70 faizi saxtadır. Təsadüfi deyil ki, bizim ofisimizdə də onlayn ticarətin qurbanlarının nümunələri var. “Temu” şirkətinə bir qadın saat sifariş edib. Sonda qadına saat yox, onun şəkili göndərilib. Başqa birisi onlayın paltar şpilkası sifariş edib. Şirkətsə sifarişçiyə oyuncaq şpilka göndərib. Yəni onlayn ticarətdə istehlakçıların aldadılması geniş yayılıb. Çünki konkret stasionar məntəqə, təhvil verən ünvan yoxdur ki, narazı qalan istehlakçı ora müraciət etsin”.
Müsahibimiz qeyd edib ki, onlayn ticarətdən bütün olkələrdə narazılıq var:
“Almaniyada bu narazılığın qarşısını almaq üçün bu addımı atıb. Amma inanmıram ki, onlar nəyəsə nail olsunlar. Çünki onlayn ticarət kifayət qədər qloballaşıb. Ümumdünya Ticarət Təşkilatı da onlayn ticarətin arxasında dayanıb.Ona görə də problemin kökündən həlli mümkün deyil. Lakin ciddi məhdudiyyətlər qoya bilrlər ki, aldanmaların sayı nisbətən azalsın. Əslində Almaniya stasionar ticarətin inkişafı üçün bu addımı atır. Çünki stasionar ticarət gəlir baxımından dövlət üçün daha çox maraqlıdır. Bu ölkədə də bizimki kimi anoloji qurum var. Lakin Almaniya dövləti istehlakçılardan daha çox büdcə gəlirlərini düşünür. Sonda onu deyə bilərəm ki, Azərbaycanda onlayn ticarətə qarşı hansısa qadağanın tətbiqi gözlənilən deyil”.
News365.az