Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirilib.
Prezident çıxışında bildirib ki, Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı icra ediləcək.
Bu isə böyük vəsait deməkdir. Məlumata görə, bu proqramlar iki mənbədən — büdcə və xarici kreditlərin cəlb olunması hesabına maliyyələşdiriləcək.
Ekspert Elçin Rüstəmli isə Gununsesi.info-ya deyir ki, Azərbaycanda uzun illər su təsərrüfatına rəhbərlik edən şəxslər bu sahənin ağır duruma salıb.
“Tam səmimi deyirəm ki, su təsərrüfatına və “Azərsu” ASC-yə vaxtı ilə rəhbərlik etmiş şəxslərin yığdıqları vəsaitlə dövlət hesabına yeni proqramları icra etmək olar.
Təkcə keçmiş “Azərsu”nun yığılmış zərəri 8 milyard manatdan artıqdır. Görün, nə qədər çırpışdırıblar. Onların mülkləri və ətrafının şirkətləri, villaları saya-hesaba gəlmir.
Vaxtı ilə büdcədən və xarici maliyyə qurumlarından yüz milyonlarla manat investisiya almış Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Əhməd Əhmədzadənin qohumlarının soragı Londondan, Parisi̇dən gəlir, ölkənin şimal rayonları da uzun illər onların nəzarətində olub.
Onların yığdıqlarını toplasan 3-4 dövlət proqramını icra etmək olar”, — deyə ekspert bildirib./// gününsəsi.info