Niyə ticarət mərkəzləri yanır? - Real SƏBƏBLƏR SADALANDI

Niyə ticarət mərkəzləri yanır? - Real SƏBƏBLƏR SADALANDI
12:43

Havaların həddindən artıq isti və quraq keçməsi, eləcə də insan amili ilə bağlı səhlənkarlıq son günlər yanğın təhlükəsini daha da artırıb. Xüsusən də meşə sahələri, yaşayış massivləri, iri ticarət mərkəzləri, məktəblər və ictimai iaşə obyektləri yanğından ən çox zərər görə biləcək məkanlar hesab olunur. Belə şəraitdə həm vətəndaşların diqqətli davranışı, həm də obyekt sahiblərinin və idarəedicilərinin yanğından mühafizə sistemlərini daim saz vəziyyətdə saxlaması həyati önəm kəsb edir. Çünki bir anlıq məsuliyyətsizlik və ya texniki nasazlıq təkcə əmlaka deyil, insanların sağlamlığına və həyatına da ciddi təhdid yarada bilər.

Mütəxəssislər bildirirlər ki, yanğınların qarşısının alınması üçün profilaktik tədbirlər, maarifləndirmə işləri və mövcud risklərin vaxtında aradan qaldırılması əsas şərtlərdəndir.

Bu xüsusda News365.az-a açıqlama verən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat sektorunun rəisi, daxili xidmət kapitanı Əlibala Əlizadə vurğulayıb ki, son günlər havaların isti keçməsi ilə yanaşı, meşə və yaşayış massivlərində yanğın riskləri də yüksəlib. Onun sözlərinə görə, bu səbəbdən Fövqəladə Hallar Nazirliyi tərəfindən kütləvi maarifləndirmə işləri aparılır, vətəndaşlara meşə və açıq sahələrdə yanğın təhlükəsizliyi tələbləri, eləcə də yaşayış yerlərində elektrik və qaz təsərrüfatından təhlükəsiz istifadə qaydaları ilə bağlı mütəmadi olaraq, müraciətlər ünvanlanır. Nazirliyin rəsmi internet səhifəsi, sosial şəbəkə hesabları və media vasitəsilə hazırlanan sosial videoçarxlar da əhaliyə təqdim edilib".

Ə.Əlizadə qeyd edib ki, qanunvericiliyə uyğun olaraq ticarət mərkəzləri, məktəblər və ictimai iaşə obyektlərində müəyyən dövriliklə yanğın nəzarəti üzrə yoxlamalar aparılır. Bu yoxlamalar zamanı yanğından mühafizə sistemləri, siqnalizasiya və avtomatik söndürmə qurğularının vəziyyəti qiymətləndirilir:

“Təəssüf ki, bir sıra obyektlərdə texniki xidmətlərin vaxtında aparılmaması, nasazlıqların mövcudluğu, bəzi hallarda isə ümumiyyətlə tələb olunan qurğuların quraşdırılmaması müşahidə olunur. Bundan başqa, elektrik şəbəkələrində zəruri sınaqların keçirilməməsi də yanğın təhlükəsini artırır. Bu hallarda sahibkarlara yazılı göstərişlər verilir, pozuntular aradan qaldırılmadıqda inzibati tədbirlər görülür, bəzən isə obyektin fəaliyyətinə məhdudiyyət tətbiq olunur",– deyə o vurğulayıb.

Əlibala Əlizadə: "Mənzillərdə və fərdi evlərdə yanğınların əsas səbəbi elektrik və qaz təsərrüfatından düzgün istifadə edilməməsi ilə bağlıdır"

DYMX rəsmisi əlavə edib ki, mənzillərdə və fərdi evlərdə yanğınların əsas səbəbi elektrik və qaz təsərrüfatından düzgün istifadə edilməməsi ilə bağlıdır:

“Şəhər mühitində daha çox elektrik mənşəli, qış aylarında isə qaz mənşəli yanğınlara rast gəlinir. Təhlükəsizlik qaydalarına əməl olunmaması, məişət texnikasının nəzarətsiz qalması və səhlənkar yanaşmalar yanğın riskini artırır:

"Dövlət Yanğın Nəzarəti Xidməti bu halların qarşısını almaq məqsədilə mütəmadi maarifləndirmə tədbirləri həyata keçirir. Cari ildə 775 maarifləndirmə tədbiri təşkil olunub və nəticədə 115 mindən çox insan – şagirdlər, səhiyyə işçiləri, müəssisə əməkdaşları və əhali yanğın təhlükəsizliyi ilə bağlı məlumatlandırılıb. Bir daha vətəndaşlara müraciət edirik ki, həm yaşayış, həm də qeyri-yaşayış sahələrində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etsinlər, yanğından mühafizə qurğularının saz vəziyyətdə saxlanılmasına məsuliyyətlə yanaşsınlar. Bu qaydalara əməl etməklə həm özümüzün, həm də ətrafımızdakı insanların təhlükəsizliyinə təminat vermiş olarıq", – Əlibala Əlizadə qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada