Niyə Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istəmir?
İqtisadiyyat
09:52
Hazırkı vəziyyətdə ÜTT-ə qoşulmağın riskləri onun faydalarından daha çoxdur.
Düzdür, ÜTT ixrac bazarlarına daha açıq giriş, investorlar üçün sabit qaydalar və s. faydalar təqdim edir. Amma risklər daha ciddidir.
Əvvəla ona görə ki, Azərbaycan hələ yeni-yeni istehsal sahələri qurur. Bu sahələr “uşaq sənaye” (infant industry) adlanır və onlar hələ güclü rəqabətə davam gətirəcək qədər möhkəmlənməyiblər. Əgər biz ÜTT-yə indi qoşulsaq, gömrük rüsumlarını aşağı salmalı və xarici mallara geniş giriş icazəsi verməli olacağıq. Bu isə yerli müəssisələrin rəqab ət zamanı ayaqda qalmasını çətinləşdirəcək.
İkincisi, ÜTT qaydaları kənd təsərrüfatında dövlət dəstəyini məhdudlaşdırır. Başqa ölkələrin təcrübəsi göstərir ki, çox vaxt yeni qoşulan dövlətlər “sıfır subsidiyalar” şərtini qəbul edirlər. Qalan yeganə imkan isə çox kiçik faizlə “de-minimis” adlanan güzəştli dəstəklərdir. Bu isə bizim kənd təsərrüfatında rəqabət gücümüzü öldürər. Onsuz da inkişaf edə bilməyən fermer təsərrüfatlarımızı daha məhv edər.
Başqa bir məsələ isə gömrük mexanizmi ilə birbaşa bağlıdır. Hazırda Azərbaycanda gömrük rüsumlarının orta səviyyəsi 7–8%-dir, kənd təsərrüfatında isə təxminən 13%-dir. ÜTT-yə qoşulduqda biz bu rüsumları sabitləşdirib gələcəkdə istədiyimiz kimi qaldıra bilməyəcəyik. Bu isə gələcəkdə hansısa sahəni qorumaq lazım olsa, imkanlarımızı məhdudlaşdıracaq.
Digər bir məqam odur ki, ÜTT-yə qoşulmaq təkcə rüsumlarla bitmir. Qanunvericilik, laboratoriyalar, yoxlama sistemləri və beynəlxalq standartlara uyğunlaşma kimi məsələlər böyük xərc tələb edir. Xüsusilə də KOB-lar üçün bu qaldıra bilməyəcəyi yük olar.
Ən vacib məsələlərdən biri isə büdcənin gömrük gəlirlərinə asılılıq məsələsidir. Məsələn, ötən il, yəni 2024-cü ildə dövlət büdcəsinə gömrük xəttilə daxil olan vəsait 6,6 milyard manat olub ki, bu da büdcə gəlirlərinin 17.9%-i deməkdir. Yəni büdcənin formalaşmasında gömrükdən gələn pay çox böyükdür. ÜTT-yə üzvlük bu payı ciddi şəkildə azaldar, bu da büdcə balansında çətinlik yarada bilər.
Həmçinin “ikili standartlar” problemi də var. Bəzən böyük dövlətlər bizdən çox sərt şərtlər tələb edir, amma özləri həmin qaydalara tam əməl etmirlər. Məhz buna görə Azərbaycan danışıqlarda tələsmir, mərhələli keçid və daha əlverişli şərtlər əldə etməyə çalışır.