Ukrayna ordusunun vəziyyəti, müharibənin dördüncü ili və qarşıdurmadakı strateji gedişatlar hələ də diqqət mərkəzindədir. Ölkənin müdafiə gücü, təmas xətti və regional maraqlar barədə mühüm açıqlamalar verilib.
News365.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov Ukraynanın müharibə şəraiti və Belarusun rolunu şərh edib.

Ekspert bildirib ki, Ukrayna artıq müharibənin dördüncü ilinə qədəm qoyur və 2026-cı il fevral ayında bu dövr tamam olacaq. O, Belarusun bu münaqişədə iştirak etmədiyini vurğulayıb:
“Belarus rəhbərliyinin bəyanatları, hədələri və şantajları olsa da, heç biri əməli addıma çevrilməyib. Belarus münaqişədə iştirak etmir”, – ekspert qeyd edib.
Üzeyir Cəfərov əlavə edib ki, Ukrayna ordusu təxminən 800 min nəfərdən ibarətdir və onların maliyyə, ərzaq və digər təminatları ölkə tərəfindən təmin edilir. Gələcəkdə bu sayın 600 minə qədər azalacağı ehtimal olunur, lakin bu, vəziyyətin gedişatından asılıdır.
Ekspert, həmçinin təmas xəttindəki vəziyyəti belə izah edib:
“Ukrayna öz müdafiə zolağını qoruyur və orada vəxşi birləşmələrlə mübarizə aparır. Rusiya isə bu məsələlərdə müdaxilə edə bilməz və etməməlidir. Buna baxmayaraq, səhər saatlarında hələ də Ukrayna tərəfindən itkilər olur, xeyli sayda hərbçi yaralanır”, – Cəfərov vurğulayıb.
O, Rusiyanın Ukraynadakı hərbi tələblərinin Finlandiya və İsveç məsələsində tətbiq olunmadığını da qeyd edib:
“4 il əvvəl müharibə başlayanda Finlandiya və İsveç NATO üzvü deyildi, amma bu müddət ərzində hər iki ölkə NATO-ya üzv oldu. Rusiyanın buna qarşı hər hansı hərəkətini görmədik”, – ekspert əlavə edib.