“Ermənistanın sülhə mane olan revanşist siyasəti dayandırılmalıdır” - Aydın Hüseynov

“Ermənistanın sülhə mane olan revanşist siyasəti dayandırılmalıdır” - Aydın Hüseynov
19 Mar 2025 13:15

Millət vəkili Aydın Hüseynov Ermənistanın sülh prosesini uzatmaq siyasətini və bu prosesdə Fransa başda olmaqla bəzi xarici qüvvələrin təsirini tənqid edib.

News365.az-a açıqlama verən millət vəkili bildirib ki, Azərbaycanın irəli sürdüyü tələblər haqqın və ədalətin tələbləridir və Ermənistan bu tələbləri yerinə yetirmək əvəzinə prosesi süni şəkildə uzadır:

"Azərbaycan bu şərtləri indi deyil, illərdir irəli sürüb. Ermənistan isə hər dəfə müxtəlif bəhanələrlə vaxt udmağa çalışır. Onların məqsədi sadəcə olaraq sülhü ləngitməkdir."

Deputat vurğulayıb ki, Ermənistanın silahlanması və hücum silahları alması sülhə xidmət etmir:

"Əgər sülh istəyirlərsə, niyə Hindistandan dağıdıcı silahlar alırlar? Niyə uzaq mənzilli raketlərə ehtiyac duyurlar? Əgər sülhə sadiqdirlərsə, Azərbaycan sərhədləri boyunca Avropa müşahidə missiyasını yerləşdirmək nəyə xidmət edir?"

Aydın Hüseynov Ermənistanın xarici siyasətinin əsasən Fransa tərəfindən idarə olunduğunu və ölkədə revanşist qüvvələrin təsirini artırdığını da qeyd edib:

"Ermənistanın xarici siyasəti Fransanın və digər Qərb ölkələrinin nəzarətindədir. Onlar erməni ictimaiyyətini yalançı tarix, saxta soyqırım və digər təbliğat vasitələri ilə manipulyasiya edirlər."

Millət vəkili həmçinin Zəngəzur dəhlizinin regional və qlobal iqtisadi əhəmiyyətindən danışıb. O, bu layihənin Ermənistan üçün də iqtisadi baxımdan xilas yolu ola biləcəyini bildirib:

"Zəngəzur dəhlizi təkcə Azərbaycanın deyil, dünyanın diqqət mərkəzində olan böyük iqtisadi layihədir. Ermənistan bu layihədən faydalana bilər, amma bunun üçün sülhə razı olmalıdır. Azərbaycanın iqtisadiyyatı 72 milyard dollar dəyərindədir, xarici borcu ÜDM-in cəmi 7.3%-ni təşkil edir. Ermənistan isə iqtisadi baxımdan çöküş içindədir, xarici borcu ÜDM-in 60%-ni təşkil edir. Onların yeganə çıxış yolu Azərbaycanla sülh müqaviləsi bağlamaqdır."

Sonda millət vəkili qeyd edib ki, Ermənistanın silahlanma siyasəti, Fransanın müdaxiləsi və revanşist qüvvələrin təsiri bölgədə sülhə mane olur və bu siyasət dayandırılmalıdır.


Sizin reklam burada
Sizin reklam burada