ADY qaş düzəltdiyi yerdə göz çıxartdı- Sosial layihə narazılıq yaratdı + VİDEO

ADY qaş düzəltdiyi yerdə göz çıxartdı- Sosial layihə narazılıq yaratdı + VİDEO
17:17

Azərbaycan Dəmir Yolları QSC 2025-ci ilin ən sadiq sərnişinini müəyyən edib. Bu ötən il ərzində ADY-nin rayonlararası qatarları ilə ən çox səyahət edən sərnişin - Jalə Ələkbərovadır. Uşaq musiqi məktəbinin müəlliməsi olan Jalə Ələkbərova 2025-ci ildə 144 dəfə Gəncə-Qovlar istiqamətində və geriyə səfər edib.

ADY bununla bağlı sosial şəbəkədə videoçarx paylaşıb. 

Lakin videoçarx ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. İnsanlar layihənin məntqisiz və yersiz hesab ediblər. Üstəlik şərh bölümündə sərnişinlər öz narazılıqlarını bildiriblər. 

Məsələn Ramin Hacızadə adlı izləyici yazır:

“Qatar nə deməkdir ki? O belə tıqqıldaya-tıqqıldaya gedən uzun, hündür şey?? Əvvəllər onunla Lənkərandan Bakıya gedib-gəlirdik. İndi isə bizə bunu çox görüblər nədənsə... Azərbaycan Dəmir Yolları, mən də sizə "2020-2026-cı illərin ən səbirsizliklə gözlənilən nəqliyyatı" diplomunu verməyə hazıram. Adam göndərin, verim”.

Digər bir izləyici Alməhəmməd Nəsibov yazır:

“Qatar 420 km məsafəni 5,5 saata qət edir.Hər reysində 10- 15 dəqiqə gecikir. Bu bizim surət qatarıdı”.

Mahirə Mirzəyeva isə irad bildirir ki, “Moda göstərirsən. Biletin qiymətini normal edin. Millət ala bilsin”.

İzləyicilərdən ADY-nin xidmətindəki nöqsanlarla bağlı daha ciddi fikir söyləyənlər var. Məsələn Kamil Qasımov yazır ki, Gəncə səhər dəmir yolu vagzalında sanitar qovsağı bağlayıblar:

“Vətəndaşlar istifadə edə bilmir. Bakidan gələn sərnişinlər xüsusilə əziyyət çəkir.”

Bir sözlə ADY-nin paylaşımı rəğbətdən daha çox narazılıq doğurub.Bu da onu göstərir ki, ADY-nin yaydığı informasiyalara rəğmən dəmir yolu hələ çox insanlar üçün əlçatan deyil. Halbuki bir zamanlar ölkəmizdə ən ucuz və keyfiyyətli nəqliyyat vasitələrindən biri dəmir yolu idi. Lakin indi ölkə əhalisinin 60-70 faizi bu xidmətdən məhrumdur. 

Belə vəziyyətdə təbii ki, ADY-nin bu cür məntiqsiz və məzmunsuz layihələrlə gündəmə gəlməsi ancaq təəssüf doğurur.

News365.az




Sizin reklam burada
Sizin reklam burada