Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) daxilində ölkə Prezidenti və siyasi təşkilatın lideri Rəcəb Tayyib Ərdoğandan sonrakı dövrə dair müzakirələr yenidən gündəmə gəlib.
News365.az “Cumhuriyet” qəzetinə istinadən xəbər verir ki, bu müzakirələrdə əsasən dövlət başçısının 45 yaşlı oğlu, iş adamı Bilal Ərdoğanın adı çəkilir.
O, R.T.Ərdoğanın əsas varisi kimi göstərilir. Bu ehtimalın partiya daxilində müxtəlif reaksiyalar doğurduğu bildirilir.
Bilal Ərdoğanın adının getdikcə daha açıq şəkildə gündəmə gətirilməsi “siyasi mirasın ötürülməsi” ilə bağlı müzakirələri də gücləndirib. Ədalət və İnkişaf Partiyasının qurulduğu gündən bəri aktiv fəaliyyət göstərən bəzi funksionerlər bunun daxili tarazlıqları pozduğunu və meritokratiya (insanların bilik və bacarığına görə irəli çəkilməsi prinsipləri) məsələsini daha da dərinləşdirdiyini bildirirlər.
Qəzetin özəl mənbələrdən əldə etdiyi məlumata görə, narazılıq yalnız yüksək vəzifəli partiya funksionerləri ilə məhdudlaşmır. Vilayət və rayon təşkilatlarında da “Ərdoğansonrası dövrün ailə mərkəzli planlama ilə formalaşdırılması” fikrinin yayıldığı bildirilir.

Partiyanın rəhbərliyində təmsil olunan bəzi şəxslər bu yanaşmanın yerlərdə motivasiya itkisinə səbəb olduğunu, uzun illərdir çalışan kadrların isə prosesdən təcrid olunduqularını düşündüklərini bildirirlər.
Ədalət və İnkişaf Partiyası daxilində tənqidlərini açıq şəkildə dilə gətirən şəxslər siyasi təşkilatın indiyədək “seçki, təşkilat və liderlik rəqabəti” prinsipləri əsasında irəlilədiyini xatırladır və mümkün ailədaxili ötürmə görüntüsünün partiya ənənələri ilə uzlaşmadığını vurğulayırlar.
Bu vəziyyətin həm partiya elektoratı, həm də mühafizəkar seçici bazası daxilində suallar doğura biləcəyi barədə xəbərdarlıq edilir. Kulis məlumatlarına görə, Ərdoğansonrası dövrlə bağlı müzakirələr uzun müddət gündəmdə qalacaq.
Partiya daxilində bir tərəfdən liderlikdən sonrakı dövr üçün balans axtarışları davam edərkən, digər tərəfdən, bu prosesin necə idarə olunacağı Ədalət və İnkişaf Partiyası gələcəyi baxımından kritik mərhələ kimi qiymətləndirilir.