Hindistanda son dərəcə təhlükəli hesab edilən “Nipah”a yoluxma nəticəsində ölüm halının qeydə alınması bu virusun yenidən qlobal diqqət mərkəzinə düşməsinə səbəb olub.
Yerli və beynəlxalq mənbələrin məlumatına görə, hadisə Kəlküttə şəhərində baş verib. Virusa yoluxan qadın vəziyyətinin ağırlaşması nəticəsində komaya düşüb və həyatını itirib. Hadisədən dərhal sonra şəhərdə epidemioloji nəzarət gücləndirilib, yüzlərlə insan profilaktik məqsədlə karantin tədbirlərinə cəlb olunub. Rəsmi qurumlar mümkün yoluxma zəncirinin qırılması üçün təmasda olmuş şəxslərin izlənildiyini bildirir.
Mütəxəssislərin diqqət çəkdiyi əsas məqamlardan biri ondan ibarətdir ki, hazırda Nipah virusuna qarşı nə təsdiqlənmiş vaksin, nə də spesifik antiviral müalicə mövcuddur. Müalicə əsasən simptomatik xarakter daşıyır və xəstənin vəziyyətinin stabilləşdirilməsinə yönəlir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Nipah virusuna yoluxma zamanı ölüm göstəricisi 40–75 faiz arasında dəyişir və bu yüksək risk birbaşa erkən diaqnostika, epidemioloji nəzarət və tibbi xidmətin keyfiyyətindən asılıdır.
Virus ilk dəfə 1998–1999-cu illərdə Malayziyada aşkar edilib və onun əsas təbii mənbəyi meyvəyarasaları, yəni “uçan tülkülər” hesab olunur. Yoluxma virus daşıyan heyvanlarla birbaşa təmas, çirklənmiş qida məhsullarının qəbulu, eləcə də insandan-insana yaxın kontakt yolu ilə baş verə bilir. Xüsusilə ailədaxili və xəstəxanadaxili yoluxma hallarının qeydə alınması Nipah virusunu daha təhlükəli edən əsas faktorlardandır. Məhz bu səbəbdən virus ÜST tərəfindən potensial pandemiya riski daşıyan patogenlər siyahısına daxil edilib. İndiyədək yoluxma halları əsasən Cənub və Cənub-Şərqi Asiya ölkələrində, xüsusilə Hindistan, Banqladeş, Malayziya və Sinqapurda aşkarlanıb. Hindistanın Kerala və Qərbi Benqal ştatları isə yüksək risk zonaları kimi qiymətləndirilir və son ölüm faktı da Qərbi Benqal ərazisində qeydə alınıb.

Mövzu ilə bağlı danışan professor Adil Qeybulla bildirib ki, Nipah virusu nadir rast gəlinməsinə baxmayaraq, tibbi baxımdan son dərəcə ciddi təhlükə mənbəyidir.
Onun sözlərinə görə, virusun əsas təhlükəsi yüksək ölüm göstəricisi ilə yanaşı, insandan-insana keçmə potensialının olmasıdır:
“Hazırda spesifik müalicənin və vaksinin olmaması bu infeksiyaya qarşı mübarizədə əsas yükü profilaktik tədbirlərin və ciddi epidemioloji nəzarətin üzərinə qoyur. Belə hallarda vaxtında izolyasiya, təmasda olan şəxslərin operativ şəkildə müəyyən edilməsi və səhiyyə sisteminin çevik reaksiyası həlledici rol oynayır”.
Professor Adil Qeybulla Azərbaycanda bu virusun yayılma ehtimalına da münasibət bildirib.
O qeyd edib ki, Nipah virusu əsasən müəyyən coğrafi bölgələrdə, xüsusilə meyvəyarasalarının geniş yayıldığı ərazilərdə rast gəlinir və hazırkı mərhələdə Azərbaycanda yerli yoluxma riski yüksək qiymətləndirilmir:
“Bununla belə, qlobal miqyasda insanların intensiv hərəkəti və beynəlxalq səyahətlər fonunda istənilən infeksiyanın sərhəd tanımadığını vurğulayan professor əlavə edib ki, riskin minimum səviyyədə saxlanılması üçün sərhəd-keçid məntəqələrində sanitariya-nəzarət tədbirləri, epidemioloji monitorinq və səhiyyə sisteminin hazırlıq səviyyəsi daim yüksək olmalıdır”.
Onun sözlərinə görə, Nipah virusu hələlik regional xarakter daşısa da, qlobal səhiyyə üçün potensial təhlükə olaraq diqqətdən kənarda qalmamalı və beynəlxalq səhiyyə qurumları tərəfindən davamlı nəzarətdə saxlanılmalıdır.