Moldova-Rumıniya birləşməsi yaxınlaşır? – Politoloqdan diqqətçəkən açıqlama

Moldova-Rumıniya birləşməsi yaxınlaşır? – Politoloqdan diqqətçəkən açıqlama
12:30

"Moldovanın Rumıniya ilə birləşməsi məsələsi yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Son dövrlər bu istiqamətdə səsləndirilən açıqlamalar iki ölkənin gələcək münasibətləri ilə bağlı müzakirələri daha da intensivləşdirib".

Bunu News365.az-a açıqlamasında Politoloq Turan Rzayev  deyib.


Politoloq bildirir ki, Moldovanın xarici işlər naziri Mixay Popşoyun Rumıniya ilə birləşmə ideyasına müsbət yanaşması təsadüfi deyil.

“Mixay Popşoy Rumıniya vətəndaşı olduğunu xatırladaraq, belə bir təşəbbüs irəli sürülərsə, onun əleyhinə olmayacağını bildirib. Eyni zamanda qeyd edib ki, bu məsələ ilə bağlı yekun qərar Moldova vətəndaşlarının iradəsindən asılıdır”, – deyə ekspert vurğulayıb.

Politoloqun sözlərinə görə, Moldovanın MDB-dən uzaqlaşması və Avropa İttifaqına inteqrasiya kursunu sürətləndirməsi Rumıniya ilə birləşmə ideyasını daha da aktuallaşdırıb.

“Moldovanın MDB-ni tərk etməsi ilə bağlı qərarından sonra bu prosesin sürətlənəcəyi gözlənilirdi. Maraqlıdır ki, bu istək yalnız Kişinyovdan qaynaqlanmır. Rumıniya tərəfi də məsələyə müsbət yanaşdığını açıq şəkildə nümayiş etdirir”, – deyə o bildirib.

Turan Rzayev xatırladıb ki, Moldova Prezidenti Maia Sandu daha əvvəl ölkəsinin Rumıniyaya qoşulması ideyasını dəstəklədiyini açıqlayıb. Bundan başqa, Rumıniya prezidentinin müşaviri Yevgeni Tomak da belə danışıqlara başlamağa hazır olduqlarını bəyan edib. Son olaraq isə Rumıniya Prezidenti Nikuşor Dan bildirib ki, əgər Moldova cəmiyyəti iki ölkənin birləşməsinə dəstək verərsə, Buxarest bu prosesi müzakirə etməyə və həyata keçirməyə hazırdır.

Ekspert hesab edir ki, birləşmə ideyasının tarixi əsasları da mövcuddur:

“Moldova, Transilvaniya və Valaxiya birlikdə tarixi rumın torpaqları hesab olunur. Rumıniya dövləti 1859-cu ildə Valaxiya və Moldaviya knyazlıqlarının birləşməsi nəticəsində formalaşıb. Sonrakı dövrdə Transilvaniya da Rumıniyanın tərkibinə daxil olub. Bu baxımdan, bəzi dairələr Moldova ilə Rumıniyanın birləşməsini tarixi prosesin tamamlanması kimi qiymətləndirirlər”.

Politoloq qeyd edib ki, mümkün birləşmə ideyası hər kəs tərəfindən eyni şəkildə qarşılanmır. Xüsusilə Moldovadakı qaqauz icması bu məsələyə ciddi narahatlıqla yanaşır.

“Qaqauzlar Rumıniya ilə birləşmənin əleyhinədirlər. Onlar hesab edirlər ki, belə bir proses zamanla assimilyasiyaya və milli kimliklərinin zəifləməsinə gətirib çıxara bilər. Bu səbəbdən də birləşmə təşəbbüslərinə qarşı sərt mövqe nümayiş etdirirlər”, – deyə Turan Rzayev bildirib.

Ekspertin fikrincə, Moldova-Rumıniya birləşməsi ilə bağlı müzakirələr yaxın dövrdə daha da aktuallaşa bilər. Lakin prosesin taleyi ilk növbədə Moldova cəmiyyətinin mövqeyindən və ölkədaxili siyasi dinamikanın inkişafından asılı olacaq.


Sizin reklam burada
Sizin reklam burada