“Bu gün – 15 iyul Türkiyədə Demokratiya və Milli Birlik Günü kimi qeyd olunur. 10 il bundan əvvəl iyulun 15-dən 16-a keçən gecə hakimiyyəti zorla ələ keçirməyə çalışan terrorçu qrupun hərbi çevriliş cəhdinin qarşısı Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə xalqı tərəfindən qətiyyətlə alınıb. Nəticədə, Türkiyə xalqı növbəti dəfə irticaya və separatizmə qalib gələrək milli dövlətini, legitim hakimiyyəti və ölkənin bütövlüyünü qorudu”.
Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev
deyib.
Deputat bildirib ki, həmin qanlı və
qaranlıq gecədə Türkiyənin gələcəyi üçün döyüşən mülki, polis və əsgərlərdən
150-si Ankarada, 99-u İstanbulda, 2-si isə Muğlada şəhid olub. Terror hadisələrinin
isə FETÖ tərərfindən törədildiyi müəyyənləşdirildi. 15 iyul hadisələri
fonunda Fətullah Gülən və onun tərəfdarları
tərəfindən hazırlanan dövlət çevrilişi cəhdinin qarşısının alınması Türkiyədə
uzun illər dövlət qurumlarında şəbəkələnmiş terror təşkilatını tam şəkildə ifşa
etdi. Həmin hadisələr zamanı Prezident Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə türk
xalqı ayağa qalxaraq çevriliş cəhdinin qarşısını aldı. Bu, türk xalqının cənab
Ərdoğana inam və etimadının yüksək göstəricisi oldu.
Millət vəkilinin sözlərinə görə, 2016-cı
ilin dövlət çevrilişinə cəhd zamanı Azərbaycan bütün gücü ilə Türkiyənin
yanında olub. Hadisənin ilk anlarından böyük narahatlığını ifadə edən Prezident
İlham Əliyev Türkiyə dövlətinə və Prezident Rəcəb Tayyib Ərdoğanın legitim
hakimiyyətinə olan dəstəyini açıq şəkildə ifadə edib. Bu fakt bir daha təsdiqlədi
ki, dünyada Azərbaycan və Türkiyə qədər hər cəhətdən bir-birinə yaxın olan digər
iki dövlət tapmaq çətindir. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə
əsaslanan əlaqələr zamanın sınağından uğurla çıxıb və indiyədək heç bir kənar
qüvvə bu əlaqələrə hansısa bir formada zərər vura bilməyib. Bizi birləşdirən
bir çox amillər var. İlk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər,
dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın
qardaşlığı bu birliyi təmin edib.
Samir Vəliyev qeyd edib ki, bu gün Azərbaycan və Türkiyə dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstərirlər: “Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyənin müttəfiqlik münasibətləri rəsmən təsdiqlənib. İki qardaş ölkənin liderləri böyük öndərlər Heydər Əliyevlə Mustafa Kamal Atatürkün ənənələrini eyni ardıcıllıqla davam etdirərək daha da zənginləşdirirlər”.