Acılı qidaların, xüsusilə də bibərin həddindən artıq istehlakı mədə xərçənginin inkişaf riskini artıra bilər. Bunu xarici KİV-ə müsahibəsində Tayvanın Dalin Tzu Çi xəstəxanasınnın məşhur hematoloq və onkoloqu Li Xijin deyib.
Mütəxəssisin sözlərinə görə, acı bibərin faydalı xüsusiyyətlərinə baxmayaraq, böyük miqdarda istehlak mədə selikli qişasını qıcıqlandırır. Belə qıcıqlanma nəticəsində orqanın daxili səthinin daimi iltihabı son nəticədə onkoloji proseslərin başlanmasına səbəb ola bilər.
Li Xijin mədə xərçənginin inkişaf riskini artıra biləcək digər amillərə də diqqət çəkib. Onların arasında tütün, alkoqol və turşulardan çox istifadə də var. Eyni zamanda həkimin fikrincə, nizamsız qidalanma özlüyündə bu xəstəliyin səbəbi sayılmır.
Mədə xərçənginin simptomları erkən mərhələlərdə müxtəlif və qeyri-spesifik ola bilər. Bunlara həzm problemləri, iştahsızlıq, sürətli toxluq hissi, qarın nahiyəsində ağrı və ya şiş, həmçinin yorğunluq daxildir. Mütəxəssislər, belə simptomların görünəcəyi təqdirdə, vaxtında diaqnoz üçün həkimə müraciət etməyi məsləhət görürlər.
Tural