Müharibələr dayanıb, günahsız insanların ölümü, kütləvi qırğınları dayanmadıqca insan vəhşi kimliyini qoruyub saxlayacaq. Əslində, sözün fəlsəfi mənasında bəşəriyyətdə canlılar arasında insandan daha vəhşi, daha məkrli və qəddar varlıq yoxdur. Elm, tərəqqi, yeni texnologiyaların kəşfi əgər insanın daha çox adam öldürməsinə hesablanıbsa yaxud buna gətirib çıxarırsa elə daş dövründə qalmaq daha yaxşıymış.
Əgər insanda olan ağıl,
qabiliyyət şirdə, canavarda, ilanda olsaydı inanmıram o, nüvə silahı, hidrogen bombalar düzəldəydi. Onun mərhəmət hissi, humanistlik instinkti yol verməzdi ki, bütün şirləri, bütün canavarları, bütün ilanları qırsın, məhv etsin.
Bir qartalın balasını qarğa gəlib yuvasında öldürürsə həmin qartal gedib o qarğanın yalnız özünü öldürür. Balalarını, yaxud rastına çıxan bütün başqa qarğaları öldürmür.
Əslində insan ağıllı vəhşidir. Bu isə çox təhlükəlidir. Vəhşi varlığa ağıl da qoşulanda o nüvə silahı düzəldir, başqa ölkələri istismar, istila etmək üçün hiylələr qurur... Vəhşi təbiətli insandakı ağıl uşağın əlindəki qumbara kimidir. Şərt ağılın olması deyil, onu müsbət yöndə istifadə etməkdir.
Bütün vəhşi heyvanları insan özünə düşmən hesab edir və onlardan qaçır. Halbuki dünya yaranandan bu günə bütün vəhşi heyvanların yediyi, parçaladığı, ziyan vurduğu bütün insanların ümumi sayı insanın qırdığı insanların milyardda biri eləməz...
Demək insan daha vəhşidir. Bəzi heyvanlardan insan qaçırsa, çox heyvan da insandan qaçır. Demək o heyvanların da gözündə insan vəhşidir.
Dünya tarixində insanın insana qarşı törətdiyi elə işgəncə növləri var ki, heç bir vəhşi heyvan hətta balalarını yemiş digər vəhşi heyvana qarşı həmin işgəncələrdən istifadə etməyib. Demək insan mükəmməl vəhşidir.
Başqa insanları kütləvi şəkildə öldürmək üçün silah düzəldir, texnika yaradır. Heç bir Peyğəmbəri, İmamı, övliyanı vəhşi heyvanın öldürdüyü haqda tarixdə məlumat yoxdur. Ancaq Zəkəriyyə peyğəmbəri mişarla doğrayan insan olub. Oğlu Yəhyanın arxasıyca düşüb Dəməşqdə tutub başını kəsən insan olub. Peyğəmbər nəvəsinin altı aylıq körpəsinə qədər doğrayan, başlarını nizələrə taxıb fəxr edən də insan olub. Heç bir vəhşi adlanan heyvan belə şey etməyib... Alimləri, filosofları, bilginləri odda yandıran, dərisini soyan, şaqqalayan da insan olub.
Budur bəşəriyyətin "əşrəfi" olan insan? Həzrət Muhəmməd buyurur ki, insan əməli ilə mələkdən üstün, heyvandan, şeytandan aşağı da ola bilər. Bax bu, həmin aşağılıqdır.
Eyni cinsli vəhşi heyvanlar bir-birinə toxunmurlar. Şir şirə, canavar canavara toxunmur. Nə qədər ac da qalsa pələng başqa pələngi parçalayıb yemir. Amma insan başqa insanı ətini yeməkdən daha şiddətli əzaba, zülmə, işgəncəyə məruz qoyur.
Demək, ağıl, elm də problemi həll etmir. Problemi insanlaşmaq həll edə bilər. İnsan öz kimliyini, həyatda yaşam məqsədini dərk etməyincə vəhşi olaraq da qalacaq.
Ötən günlərdə Cümə namazında məscidlərə böyük maşınlarla gedib küçədə tıxac yaradaraq digər insanlara maneə yaratmamaq üçün möminlərə, mümkün qədər ictimai nəqliyyatdan istifadə etməyi tövsiyyə etmişdim. Çıxış videosumdakı 1237 rəyin 860 dan çoxu namaz qılanların söyüşləri idi. Elə söyüş növləri yazıblar ki, heç bir ateist əsla ictimai yerdə bir - birinə elə əxlaqsız, pozğun ifadələr, təhdidlər, təhqirlər yazmazdı.
Demək hətta din də vəhşi təbiətli adamı insanlığı olan insana çevirmir. Çevirsəydi inananlar arsında bu qədər savaşlar, məzhəb qırğınları olardımı? Din insanın təbiətini dəyişsəydi Hüseynin altı aylıq körpəsini boğazından oxşayan müsəlman ərəbin gözünün önünə öz körpəsi gələrdi və əl saxlayardı. Demək inandığı da onu genetik vəhşi təbiətindən döndərə bilməyib.
İnsan bircə növdür. Amma heyvanların növləri çoxdur. Onlara İmam, Peyğəmbər də gəlməyib. Ən azı dini mətnlərdə belə məlumat yoxdur. Allah müəyən bir proqram, nizam yaradıb, o nizam üzrə də yaşayırlar. Heç biri heç birinin soyunu kəsib nəslini qurutmur. Qurutsa insan qurudur heyvanların da kökünü.
Səmavi dinlərin fəlsəfəsinə görə peyğəmbər və kitab azmış, əskik və naqis yaradılışlara, nizamı özləri tərfindən pozulmuş toplumlara göndərilir. Heyvanlar yolunu azmadığına görə onlara peyğəmbər gəlməyib. Hətta cinlərə də gəldiyi haqda sübut yoxdur.
Bir qövmə çox peyğəmbərin gəlməsi o qövmün fəziləti deyil, əksinə zəlalətinin nəticəsidir. Savadlı adama müəllim, yol bilənə sarvan lazım olmur. Sarvan yolunu azana gərəkdir.
Hər bir halda insan öz vəhşi xislətinə sadiqdir. Əslində insan mədəni deyil, özünü mədəni göstərir. Heyvan isə fitrətən, daxilən mədənidir, sadəcə düşdüyü mühit onu məcbur edib ki, özünü vəhşi kimi göstərsin, canını, soyunu qorusun.
İtlərə diqqət edin. Balasına, anasına, İnsana məhəbbəti, sədaqəti, şəfqəti təbiidir. Yaponiyada professor sahibini 7 il işdən qayıdarkən metro çıxışında qarşılayan it onun ölümündən sonra 5 il də həmin stansiyaya eyni saatda getmişdir. Hazırda Yaponiyada o itin heykəli qoyulub. Hiss edirsən ki, mərhəməti içdən gəlir. Amma hürməsi, hücum etməsi, qorxutması isə fitri deyil, sünidir. Hürür, tutmur, işləyir, tam yemir, özünü yaxud sahibini qorumaq üçün qorxudur. Özünü vəhşi kimi təqdim edir. Amma insan isə daxilən vəhşidir, sadəcə özünü mülayim, mərhəmətli qələmə verir.
Bir itə bir tikə çörək verəndə,
Unutmaz yüz kərə bassan da daşa.
Alçağa bir ömür çörək yedirsən,
Bir dəfə tünd olsan, başlar savaşa...
Əslində heyvanlar mənəvi təkamülə insandan daha tez çatıblar. İnsana xas olmalı elə xüsusiyyətlər var ki, o özəlliklər artıq bir çox heyvanın yaşam tərzinə çevrilib. Amma insan isə şalvar geyinib özünü mədəni sayır, digər insanların da bomba ilə soyunu qurudur...
Təcrübə sübut edir ki, dəmir-dümür, texnologiya, sivilizasiya insanlığı mənəvi təkamülə çatdırmır. Əksinə vəhşiliklərini, içində yaşatdığı canavarlığı izhar etmək, bəşərə tətbiq etmək üçün fürsət, şərait yaradır.
Tural İrfan, ilahiyyatçı yazar