Rusiya və Ukrayna arasında birbaşa danışıqlar aparılmasa da, vasitəçilər – xüsusilə də Türkiyənin iştirakı ilə İstanbulda gizli diplomatik təmaslar davam edir.
Bu barədə politoloq Fikrət Sadıqov News365.az-a açıqlamasında bildirib.
Politoloq qeyd edib ki, tərəflər arasında aparılan danışıqların mərkəzində memorandum sənədi dayanır:
“Hazırda memorandum ətrafında intensiv işlər aparılır. Bu sənəd vasitəsilə tərəflər müəyyən ortaq şərtləri qəbul etməyə çalışırlar. Danışıqlar birbaşa deyil, vasitəçilərin iştirakı ilə həyata keçirilir və bu prosesdə əsas rolu Türkiyə oynayır”.
Fikrət Sadıqov hesab edir ki, bəzi razılaşmaların detalları ictimaiyyətə açıqlanmır və bu, tərəflərin siyasi strategiyasının bir hissəsidir:
“Ortada pərdəarxası şərtlər var. Bu şərtlərin açıqlanmaması da müəyyən məqsədlərə xidmət edir. Əsas məsələ odur ki, memorandumlar ünvanlarına çatsın və vasitəçilər bu prosesdə aktiv rol oynasınlar”.
O, həmçinin bildirib ki, Rusiya hazırda işğal olunmuş vilayətlərdən – Luqansk, Xerson və Zaporojyedən Ukrayna qoşunlarının çıxarılmasını tələb edir.
Politoloq bu yanaşmanı “maraqlı məntiq” adlandırıb və qeyd edib ki, Ukrayna isə bu ərazilərin özünə məxsus olduğunu bəyan edir.
“Bu məqamda tərəflərin mövqeləri ciddi şəkildə fərqlənir və bu da danışıqlar prosesini mürəkkəbləşdirir. Memorandum ətrafında aparılan müzakirələr və gələcəkdə irəli sürüləcək şərtlər danışıqların taleyini müəyyən edəcək”, – deyə Fikrət Sadıqov əlavə edib.