Cəlilabad rayonunun Xəlilabad kəndində məktəblinin öldürülməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
News365.az xəbər verir ki, hadisə rayonun Xəlilabad kənd orta məktəbində baş verib.
Öldürülən 11-ci sinif şagirdi Kənan İmanzadə və onun qətlində şübhəli bilinən sinif yoldaşı Sadiq Əsgərov Cəlilabad rayonunun Güneyli kənd sakinləridir. Bildirilib ki, kəndlərində məktəb olmadığı üçün hər ikisi Xəlilabad kənd orta məktəbində təhsil alırmış.
İlkin məlumata görə, hadisə söyüş üstündə baş verib. Dünən şagirdlər arasında mübahisə yaranıb, lakin digər sinif yoldaşları davanın böyüməsinin qarşısını ala biliblər.
Bu gün səhər isə evlərindən mətbəx bıçağı götürərən S.Əsgərov birinci dərsdən sonra K. İmanzadəni başqa sinfə çağıraraq yenidən mübahisə edib və daha sonra həmyaşıdının qarın boşluğu və döş qəfəsinə bıçaqla zərbə endirib.
Ağır yaralanan Kənan İmanzadə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Cəlilabadda məktəbdə şagirdlər arasında yaranan mübahisə ölümlə nəticələnib.
Lənkəran-Astara Regional Təhsil İdarəsindən News365.az-a bildirilib ki, xəbər verir ki, hadisə sentyabrın 16-da Cəlilabad rayonunun Xəlilabad kənd məktəbində baş verib. Məktəbdə XI sinif şagirdləri arasında mübahisə yaranıb. Mübahisə zamanı 17 yaşlı yeniyetmə sinif yoldaşına bıçaqla xəsarət yetirib. Hadisə ilə bağlı dərhal Təcili Tibbi Yardım briqadasına və hüquq-mühafizə orqanlarına məlumat verilib. Xəsarət alan yeniyetmə xəstəxanaya hospitalizasiya olunub. O, xəstəxanada ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən məktəbli polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə ilə bağlı aidiyyəti üzrə birgə araşdırmalar aparılır.