“Liderlərin növbəti görüşü regional sülhün taleyini müəyyən edə bilər” - Elçin Mirzəbəyli

“Liderlərin növbəti görüşü regional sülhün taleyini müəyyən edə bilər” - Elçin Mirzəbəyli
09 İyl 2025 16:11

"Post-müharibə dövründə Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqlar regionda davamlı sülh və sabitliyin bərqərar olunmasını vacib və təxirəsalınmaz hədəfə çevirib. "

Politoloq Elçin Mirzəbəyli bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Bu kontekstdə Azərbaycan və Ermənistan arasında aparılan birbaşa dialoqlar, xüsusilə dövlət başçıları səviyyəsində keçirilən görüşlər beynəlxalq aləmin diqqətlə izlədiyi əsas siyasi proseslərdən biridir.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında növbəti görüşün keçiriləcəyi barədə məlumatın rəsmi təsdiqlənməsi bu istiqamətdə atılmış əhəmiyyətli addım kimi qiymətləndirilir. Görüşün neytral və üçüncü ölkədə baş tutması isə tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə və beynəlxalq vasitəçilərin səylərinə daha əlverişli mühitin yaranmasına şərait yaradır.

Bu görüş, eyni zamanda, regionda sülh müqaviləsinin imzalanması ilə bağlı proseslərin sürətlənməsi və ardıcıl siyasi dialoqun təşviqi baxımından həlledici əhəmiyyət daşıyır. Gələcəkdə bölgədə sabit və təhlükəsiz mühitin təmin olunması üçün yalnız siyasi iradə kifayət etmir – bu məqsədlə hüquqi əsasların yaradılması və praktik mexanizmlərin tətbiqi də zəruridir.

Növbəti görüşün baş tutması bir daha göstərir ki, Bakı və İrəvan arasında diplomatik platformalar hələ də açıqdır və dialoq imkanları tükənməyib. Bu isə regionda uzunmüddətli sülh arxitekturasının formalaşması baxımından pozitiv siqnaldır."


Sizin reklam burada
Sizin reklam burada