Mühacirətdə yaşayan jurnalist Cavanşir Həsənli ötən il ekranlara çıxan “Dead of Winter” (“Qışın ortasında”) filmi ilə bağlı açıqlama paylaşıb.
Onun bildirdiyinə görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğulları Tale Heydərov və Nicat Heydərov sözügedən filmdə icraçı prodüser (executive producer) qismində iştirak ediblər. Bu məlumatın daha əvvəl Azərbaycan ictimaiyyətinə təqdim olunmadığı qeyd edilir.
Kino sənayesində icraçı prodüserlər adətən layihənin maliyyələşdirilməsi və istehsal prosesinin təşkili ilə bağlı funksiyaları yerinə yetirirlər. Onlar ya birbaşa maliyyə yatırımı edir, ya da müxtəlif investor və fondların cəlb olunmasına dəstək göstərirlər.
Açıqlamaya əsasən, filmin istehsalına Almaniyanın bir neçə kino fondu tərəfindən də maliyyə dəstəyi verilib. Belə ki, Alman Federal Film Fondu (DFFF) tərəfindən 2,6 milyon avro, “Film- und Medienstiftung NRW” fondu tərəfindən isə 1 milyon avro ayrıldığı bildirilir. Layihənin ümumi büdcəsi ilə bağlı isə açıq məlumat yoxdur.
“Qışın ortasında” psixoloji triller janrında çəkilib. Filmdə baş rolu Emma Thompson canlandırır. O, həyat yoldaşını itirmiş və tənha yaşayan qadın obrazını ifa edir.
Hadisələr ABŞ-ın Minnesota ştatında baş verən güclü qar fırtınası fonunda cərəyan edir. Süjetə görə, baş qəhrəman təsadüfən bir yeniyetmənin qaçırılması hadisəsinin şahidi olur və bundan sonra baş verənlər onu təhlükəli vəziyyətlərlə üz-üzə qoyur.
Filmdə digər rollardan birini də Judy Greer ifa edir. Ekran işi gərgin atmosferi və qış şəraitində qurulan dramatik süjeti ilə seçilir.