Cənubi Qafqazda Rusiya–Ermənistan münasibətlərində müşahidə olunan gərginlik və İrəvanın çoxvektorlu siyasət xətti yenidən müzakirə mövzusuna çevrilib. Ermənistanın həm Avrasiya İqtisadi Birliyi, həm də Avropa İttifaqı ilə paralel əməkdaşlıq cəhdləri regionda siyasi balansın dəyişməsi ilə bağlı suallar doğurur.
Mövzu ilə bağlı açıqlama verən politoloq Fikrət Sadıqov bildirib ki, Ermənistan rəsmiləri, o cümlədən parlament sədri Alen Simonyan bir neçə dəfə ölkənin Rusiya ilə münasibətlərdən “boşanmaq” niyyətində olmadığını bəyan edib. Onun sözlərinə görə, bu ifadə Moskva ilə İrəvan arasında yaranan siyasi gərginliyin simvolik təsviridir.

Fikrət Sadıqov News365.az-a açıqlamasında qeyd edib ki, Ermənistan rəhbərliyi Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyətində olmadığını desə də, eyni zamanda təşkilatın bütün toplantılarına da aktiv şəkildə qatılmır.