Jurnalist Azər İsmayıl Kapital Bank-ın ona güzəştli ipoteka krediti ayırmaqdan əsassız şəkildə imtina etdiyini iddia edib. O, bildirib ki, dövlətin nəzərdə tutduğu ipoteka limitindən yararlanmaq üçün bütün şərtləri yerinə yetirsə də, bank kredit verməkdən imtina edir.
News365.az xəbər verir ki, bu barədə jurnalist Azər İsmayıl özünün sosial media hesabında yazıb.
Onun sözlərinə görə, bank bu qərarını Mənzil Kreditləri Reyestrində (MKR) gecikmələrin olması ilə əlaqələndirib. Lakin jurnalist qeyd edir ki, nə bankın sistemində, nə də əməkdaşların təsdiq etdiyi məlumatlarda gecikmə faktı yoxdur.
Azər İsmayıl hesab edir ki, bu cür hallarda ipoteka limiti bankın özünə yaxın şəxslərə yönləndirilir:
"Yəqin ki, Kapital Bank güzəştli ipoteka üçün daha “uyğun namizədlər” tapıb. Adətən belə hallarda bank nümayəndələri limiti öz yaxınlarına və ya tanışlarına ötürürlər."
Jurnalist bu məsələnin ictimailəşdirilməsinə və həmkarlarının dəstəyinə ehtiyac duyduğunu vurğulayıb.
Qeyd edək ki, ipoteka kreditlərinin ayrılması zamanı banklar yalnız qanuni əsaslarla imtina edə bilər. Əgər vətəndaşın maliyyə vəziyyəti şərtlərə uyğundursa və sistemdə hər hansı borc gecikməsi yoxdursa, bankın kreditdən imtina etməsi sual doğurur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...