İsrail parlamenti Knesset İordan çayının qərb sahilinin ilhaqına səs verib. Sözügedən torpaqların “yəhudi xalqının tarixi və mənəvi vətəninin ayrılmaz hissəsi” olduğunu bildirən qətnaməni 71 deputat dəstəkləyib.
Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbas bu qərarı birmənalı şəkildə pisləyib. Prezident çıxışında, “İsrailin bu addımı iki dövlət prinsipini tamamilə rədd etməkdir və fələstinlilərin haqlarına açıq-aşkar təcavüzdür”, – deyib. Abbas həm də qeyd edib ki, Fələstin xalqı bu ilhaq siyasətini qəti şəkildə tanımayacaq və beynəlxalq ictimaiyyət mövcud gedişata reaksiya verməlidir.
Ümumiyyətlə, İsrailin gec-tez bu qərarı verəcəyi bəlli idi. Çünki uzun illərdir həmin ərazilərdə de-fakto suverenlik qurmaq üçün müxtəlif metodlara əl atırdı. Məsələn, bölgədə yəhudi yaşayış məntəqələri salınır, oraya dövlət səviyyəsində dəstək göstərilir, infrastruktur layihələri ardıcıl icra edilirdi. Bunlarla da kifayətlənməyən Təl-Əviv, beynəlxalq hüquqa zidd olsa da, sözügedən torpaqları öz daxilindəki inzibati bölgələrlə inteqrasiya edirdi.
Hazırkı reallıq fonunda illərdir İsraildə sağ-mərkəzçi və millətçi siyasi düşərgələr güclənir, ictimai rəyin açıq şəkildə radikallaşması müşahidə olunurdu. Əvvəllər “mübahisəli torpaq” kimi təqdim olunan bu bölgənin zamanla “əcdadlardan miras qalan torpaq” kimi təqdim edilməsinə başlanıldı. Bu yanaşma təkcə siyasi ritorikada yox, təhsil sistemində, hüquqi sənədlərdə və ordu doktrinasında da öz əksini tapdı.
Xüsusilə ordu doktrinasında qeyd edilən dəyişikliklər fonunda İsrail Qəzzada HƏMAS-ın, Livanda “Hizbullah”ın mövqelərini sarsıtdı, 12 günlük müharibədə İrana ciddi zərbə vurdu. Təbii ki, baş verənlərə paralel olaraq beynəlxalq reaksiyaların da zəif olması bu qərarın hüquqi baxımdan təsdiqini gözlənilən edirdi. Yəni, nəzərdə tutulan ilhaq rəsmi sənəddən daha çox, artıq uzun illərdir icra edilən faktiki siyasətin bir nəticəsidir. Bu gün verilən qərar həmin prosesin son mərhələyə keçməsi və siyasi iradənin açıq formada ifadəsidir. Ona görə də belə bir addım təəccüblü deyil, uzunmüddətli strateji planın təzahürüdür.
Bununla belə, qətnamə faktiki olaraq həm fələstinlilərin milli haqlarına, həm də beynəlxalq hüquqa, regional sabitliyə və diplomatik səylərə ciddi zərbədir. BMT-nin, Avropa İttifaqının (Aİ), Ərəb Dövlətləri Liqasının və çoxsaylı beynəlxalq qeyri-hökumət təşkilatlarının yanaşması birmənalıdır. Yəni Qərb sahili, Qüdsün şərq hissəsi və Qəzza zolağı Fələstin dövlətinin təşkili üzrə danışıqların predmeti olan torpaqlardır. İsrailin həmin ərazilər üzərində suverenlik iddiası indiyə qədər beynəlxalq səviyyədə legitim sayılmayıb.
Hazırkı məqamda əsas sual belədir: İsrailin bu qərarına reaksiya necə olacaq?
Yuxarıda qeyd etdiyim kimi, Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbas Knessetin qərarını birmənalı şəkildə pisləyib. Lakin bu yetərlidirmi? Xeyr! Ümumiyyətlə, Mahmud Abbas proseslərə yetərincə reaksiya vermir. Sözlü bəyanatlarla kifayətlənir. Bu isə təbii olaraq onun Təl-Əvivlə ortaq hərəkət etdiyi düşüncəsini yaradır. Doğrudur, istisna deyil ki, İsrail Qəzza məsələsində Fələstin liderini aldadıb. Yəni Abbas düşünürdü ki, Qəzza HƏMAS-dan təmizləndikdən sonra onun rəhbərliyindəki Fələstinə veriləcək. Amma bu, baş tutmadı. Beləliklə, mövcud situasiya növbəti hədəfin İordan çayının şərq sahili ola biləcəyi qorxusunu yaradır. Bununla belə, hələ də Mahmud Abbasın İsraillə ortaq hərəkət etmə ehtimalları qalmaqdadır.
Məsələyə ABŞ və Qərbin yanaşması da maraqlıdır. Vaşinqtonun bu prosesdə Təl-Əvivi dəstəkləməsi açıq-aşkar görünür. Məsələn, ABŞ Qəzza zolağı ilə bağlı atəşkəs danışıqlarını dayandırıb və Qətərdəki nümayəndə qrupunu məsləhətləşmələr üçün geri çağırıb. ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff bildirib ki, bu addım HƏMAS-ın Qəzzada atəşkəsə nail olmaq istəmədiyini açıq şəkildə göstərən son cavabından sonra atılıb. “Vasitəçilər böyük səy göstərsələr də, HƏMAS koordinasiya və ya vicdanla hərəkət etmir. İndi biz girovların geri qaytarılması üçün alternativ variantları nəzərdən keçirib, Qəzza əhalisi üçün daha sabit mühit yaratmağa çalışacağıq. HƏMAS-ın eqoist şəkildə hərəkət etməsi utancvericidir. Biz bu münaqişəyə son qoymaqda və Qəzzada daimi sülhə nail olmaqda qətiyyətliyik”, – Stiv Uitkof deyib.
Lakin bununla belə, İsrailə təzyiqlərin tətbiqi istisna deyil. Effektivliyi tərəddüdlü görünsə də, başda Fransa olmaqla bir çox Aİ ölkəsi bu qərarı tanımır. Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Paris sentyabr ayında BMT Baş Assambleyasında Fələstin dövlətini rəsmən tanıyacaq. İstisna deyil ki, yaxın gələcəkdə bu addımı digər Avropa ölkələri də atacaq.
Mövzuya Azərbaycanın və Türkiyənin reaksiyası da maraqlıdır. Azərbaycan Fələstinlə bağlı məsələyə ənənəvi olaraq təmkinli və neytral yanaşıb. Lakin Bakının bu qərarı tanımayacağı açıqdır, çünki beynəlxalq hüququn kobud pozuntusunu birmənalı şəkildə rədd edir. Bundan başqa, Azərbaycanın özü də ərazi bütövlüyü yönündə on illərlə beynəlxalq dəstək axtarıb. Bu baxımdan, Fələstinin ərazi bütövlüyünün pozulmasını qəbul edə bilməz.
Türkiyəyə gəldikdə isə, rəsmi Ankaranın siyasi bəyanatlardan başqa hər hansı konkret addım atması inandırıcı deyil. Türkiyə uzun illərdir Fələstin məsələsində həm İslam dünyasının lideri, həm də regional güc kimi çıxış edir. Bu ilhaq qərarı fonunda Türkiyənin istər daxili auditoriyası, istərsə də müsəlman dünyası qarşısında susqun qalması demək olar ki, mümkün deyil. Yəni Ankara bir reaksiya verməyə məcburdur, çünki bu, artıq sadəcə xarici siyasət deyil, ideoloji yükü olan bir məsələdir. Lakin reaksiya hansı səviyyədə olacaq?
İsrail isə ABŞ-ın əsas müttəfiqidir. Ona görə də Türkiyə açıq hərbi və ya iqtisadi qarşıdurmadan yayınmağa çalışacaq. Bunun əvəzinə ritorik olaraq sərt, diplomatik baxımdan isə balanslı davranmaq ehtimalı yüksəkdir. Bu hadisə eyni zamanda Prezident Rəcəb Tayyib Ərdoğanın islam dünyasında liderlik iddialarını da gündəmə gətirəcək. Əgər xüsusilə Səudiyyə Ərəbistanı, BƏƏ və Misir kimi ərəb ölkələri zəif reaksiya göstərsələr, Türkiyə daha sərt və prinsipial mövqe ilə bu boşluğu doldurmağa çalışacaq.
Nəticə etibarilə, İsrailin Qərb Sahilini ilhaq etməsi, sərhədlərin zorla dəyişdirilməsi, bütün beynəlxalq səylərə, razılaşmalara və regional sabitliyə açıq təhdiddir. Bu qərar beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli, fələstinlilərin suverenliyi və haqları qorunmalıdır. Yeganə çıxış yolu kimi iki dövlət modeli bərqərar edilməli, Qüdsün statusu beynəlxalq razılaşma əsasında müəyyənləşdirilməlidir.
Müəllif: Politoloq Turan Rzayev