İşıq otağa hansı tərəfdən düşməlidir? - İZAH

İşıq otağa hansı tərəfdən düşməlidir? -  İZAH
16 Apr 2024 09:18

“Binaları elə tikmək lazımdır ki, günəş sol tərəfdən düşsün. Axundov adına kitabxanada bu qaydaya əməl edilib. Günəş soldan düşür. Əgər sağdan düşsə, kitabları oxumaq çətinlik yaradar. Elmlər Akademiyasının binasında da günəş soldan düşür. Təbii ki, görkəmli memar Mikayıl Useynovun layihələndirdiyi binada belə də olmalı idi”.

News365.az xəbər verir ki, bu fikirləri yazıçı-jurnalist Azər Qismət deyib. O bildirib ki, bir vaxtlar orta məktəblərdə də günəşin şəfəqi otaqlara sol tərəfdən düşürdü:

“Lakin indi bəzən tikinti ənənəsi pozulur. Günəş sinif otaqlarına sağ tərəfdən düşür, kölgə yaranır, şagirdlər kitabı oxuya bilmirlər. Çətinlik həm də ondadır ki, yeni nəsil ustalar köhnə nəsil ustaların iş prinsipinə əməl etmirlər. Söhbət tikinti texnologiyasındakı müasir yanaşmadan getmir. Məsələn, o illərdə tikilən evlərin elektrik yuvası əsasən bir otaqda, özü də divarın yuxarı hissəsində qoyulardı. Evə gələn montyor da ustaların iş prinsipini bildiyindən birbaşa o yuvaya doğru gedib açıb düzəldərdi. İndiki ustalar o yuvaları hansı otağa gəldi qoyurlar: divarın yuxarısına, aşağısına, küncə və s. Montyor axtara-axtara qalır, ev yiyəsindən soruşur ki, "plasmas qapaqlı yeri görməmisən?" O da hardan bilsin ki, bu elektrik naqillərini bir yerə toplayan vacib əhəmiyyətli yuva imiş. Məlum olur ki, üstünə divar kağızı vurub. Montyor o kağızı cırır, işini görüb gedir. Əlbəttə ki, hər adam ustalıq edəndə hərdən klassik ənənələr nəzərə alınmalıdır”.

İlhamə Qiyas, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər