"İŞİD-in qlobal miqyasda ikinci lideri məhv edilib".
News365.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth" hesabında yazıb.
O bildirib ki, onun göstərişi ilə Amerika qüvvələri və Nigeriya Silahlı Qüvvələri birgə əməliyyat keçirərək, İŞİD-in yüksəkvəzifəli üzvlərindən biri olan Əbu Bilal əl-Minukini zərərsizləşdirib.
Tramp qeyd edib ki, əməliyyat uzun müddət planlaşdırılıb və "uğurla həyata keçirilib".
Belə ki, İŞİD-in qlobal strukturunda ikinci şəxs hesab edilən əl-Minuki Afrikada gizləndiyini düşünsə də, ABŞ kəşfiyyatı onun fəaliyyətini izləyib.
ABŞ prezidenti qeyd edib ki, əməliyyat nəticəsində əl-Minuki artıq Afrikada terror fəaliyyətləri həyata keçirə və ya amerikalıları hədəf alan hücumların planlaşdırılmasında iştirak edə bilməyəcək.
Tramp həmçinin bu addımın İŞİD-in beynəlxalq əməliyyat imkanlarına ciddi zərbə vurduğunu vurğulayıb və əməliyyatda əməkdaşlığa görə Nigeriya hökumətinə təşəkkür edib.