İsrail Müdafiə Qüvvələri (ÇAXAL) İrana zərbələr endirmək üçün 200-dən çox döyüş təyyarəsindən istifadə edərək, ölkə ərazisindəki 100-ə yaxın hədəfi vurub. Bu barədə CNN telekanalı ÇAXAL rəsmisi Effi Defrinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, indiyədək hədəflərə 330-dan çox müxtəlif növ sursat atılıb.
Defrin deyib ki, İsrailin zərbələri "dəqiq və sinxronlaşdırılmış əməliyyatın bir hissəsidir" və onun pilotları "İranın müxtəlif bölgələrində hərbi hədəflərə, nüvə proqramı obyektlərinə zərbələr endirməyə davam edirlər".
İsrail ordusu həmçinin İranın üç yüksək rütbəli hərbi komandirini, o cümlədən respublika silahlı qüvvələrinin baş qərargah rəisi Məhəmməd Baqiri və SEPAH komandiri Hüseyn Səlamini öldürdüyünü iddia edir.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və yaşayış kompleksləri olub.
Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib.
Tural