İrandakı son etirazlarda 20-dən çox tələbə həlak olub

İrandakı son etirazlarda 20-dən çox tələbə həlak olub
17:11

"İrandakı son etiraz aksiyalarının qurbanı beş müəllim və 22 tələbə olub".

News365.az inn.ir portalına istinadən xəbər verir ki, bu barədə İran Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Hüseyn Sadeqi bildirib.

Qeyd edilir ki, İranda yanvar aksiyaları iştirakçılarının ölümünün qırxıncı gününə təsadüf edən yeni kütləvi tələbə etirazları dalğası başlayıb. Bu barədə İran Milli Müqavimət Şurası (NCRI) məlumat yayıb.

Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.

İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.


Sizin reklam burada
Sizin reklam burada