Rekonstruktiv cərrahiyyə sahəsində həyata keçirilən əməliyyatların böyük hissəsi icbari tibbi sığorta paketinə daxil edilir və bu müdaxilələr əsasən estetik deyil, tibbi zərurətdən irəli gələn problemlərin aradan qaldırılmasına yönəlib.
News365.az xəbər verir ki, bu barədə Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının baş həkimi Dilqəm Məmmədov nazirliyin rəsmi “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı məlumat verib.
Onun sözlərinə görə, sığorta yalnız insanın həyat keyfiyyətinə birbaşa təsir edən və funksional bərpanı hədəfləyən əməliyyatları əhatə edir. Bu kateqoriyaya daxil olan müdaxilələr pasiyentin gündəlik fəaliyyətini bərpa etməyə, fiziki məhdudiyyətləri aradan qaldırmağa xidmət edir.
Həkim bildirib ki, xüsusilə yanıqdan sonra yaranan deformasiya və çapıq toxumalarının aradan qaldırılması, hərəkəti məhdudlaşdıran problemlərin aradan qaldırılması və göz qapağının funksiyasının bərpası kimi əməliyyatlar rekonstruktiv cərrahiyyənin əsas istiqamətlərindəndir. Bu cür hallar bəzən insanın həm hərəkət imkanlarına, həm də qidalanmasına ciddi təsir göstərə bilir.
Məmmədov əlavə edib ki, anadangəlmə qüsurlar da sığorta ilə qarşılanan əməliyyatlar sırasındadır. Barmaq bitişməsi, əlavə barmaqlar, ətrafların inkişaf qüsurları, eləcə də dodaq və damaq yarıqları kimi problemlər mütləq cərrahi müdaxilə tələb edir və bu müdaxilələr icbari sığorta çərçivəsində həyata keçirilir.
Bununla yanaşı, damar mənşəli xəstəliklər – hemangiomalar və venoz malformasiyalar da ciddi risk qrupuna daxildir. Vaxtında müalicə olunmadıqda bu patologiyalar qanaxma, görmə və qidalanma problemləri kimi ağır fəsadlara səbəb ola bilər.
Mütəxəssis vurğulayıb ki, travma və qəzalar nəticəsində itirilmiş üzvlərin bərpası da rekonstruktiv cərrahiyyənin mühüm istiqamətlərindəndir. Barmaq, əl və digər orqanların qopması hallarında həyata keçirilən replantasiya əməliyyatları təcili xarakter daşıyır və funksiyanın bərpası baxımından həyati əhəmiyyət kəsb edir.
O, həmçinin qeyd edib ki, sinir və damar zədələnmələrinin erkən mərhələdə mikrocərrahi üsullarla bərpası mümkündür və bu, pasiyentlərin funksional qabiliyyətinin böyük hissəsinin geri qaytarılmasına imkan yaradır.
Sonda Dilqəm Məmmədov bildirib ki, əsas məqsəd insanların normal həyat fəaliyyətini bərpa etmək, onların həm fiziki, həm də sosial məhdudiyyətlərini minimuma endirməkdir.