İranın Xarici İşlər Nazirliyi Fransanın Tehrandakı səfirliyinin məsləhətçisini çağıraraq ona rəsmi etirazını bildirib. Səbəb, dissident iranlı rejissor Cəfər Pənahinin Kann kinofestivalında qazandığı qalibiyyət və bu hadisə ilə bağlı Fransa xarici işlər naziri Jan-Noel Barronun verdiyi açıqlama olub.
News365.az xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.
Pənahinin çəkdiyi “Sadə Təsadüf” filmi Kann festivalının 78-ci buraxılışında “Qızıl Palma Budağı” mükafatını qazanıb. Rejissor bu filmi İranda qeyri-leqal şəkildə – hökumətdən icazə almadan – lentə alıb. O, filmi şəxsən festivalda təqdim edib, çünki 2023-cü ildə İran həbsxanasından azad olunub.
Münsiflər heyətinin qərarından sonra Fransa XİN rəhbəri Barro bu mükafatın "İran rejiminin təzyiqlərinə qarşı müqavimətin rəmzi olaraq" verildiyini bəyan edib. İran Xarici İşlər Nazirliyi isə fransız nazirin sözlərini “təhqiramiz” və “əsassız” adlandıraraq buna kəskin etirazını bildirib.
Qeyd edək ki, daha əvvəl də iki iranlı rejissor, filmlərində hicabsız qadına yer verdikləri üçün həbs cəzası almışdı.